Son illərdə enerji içkiləri xüsusilə gənclər arasında geniş yayılıb. Foodinfo.az xəbər verir ki, biotexnologiya üzrə mütəxəssis, kimya elmləri namizədi Aleksey Panov bu içkilərin bəzi qidalarla birlikdə istifadəsinin sağlamlıq üçün ciddi risklər yaratdığını açıqlayıb.

Ekspertin sözlərinə görə, enerji içkilərinin tərkibindəki yüksək miqdarda kofein, taurin və şəkər ürək-damar və sinir sisteminə güclü təsir göstərir. Bu isə qan təzyiqinin qəfil qalxmasına, taxikardiyaya, yuxu pozğunluqlarına, həyəcan və panik ataklara səbəb ola bilər.

Lakin ən böyük təhlükə enerji içkilərinin alkoqollu içkilərlə qarışdırılmasında ortaya çıxır. Çünki alkoqol sinir sistemini zəiflədən, enerji içkiləri isə onu stimullaşdıran təsirə malikdir. Bu ziddiyyətli təsir nəticəsində insan özündə sərxoşluq dərəcəsini hiss etmir, daha çox içir və ağır zəhərlənmə riski ilə üz-üzə qalır.

Panovun sözlərinə görə, enerji içkilərini qəhvə, qara çay və şokolad kimi digər kofein mənbələri ilə birlikdə qəbul etmək də olduqca təhlükəlidir. Bu, kofein həddinin aşılmasına gətirib çıxararaq ürək ritminin pozulmasına səbəb ola bilər.

Bundan başqa, enerji içkilərini yağlı yeməklərlə içmək qaraciyərə artıq yük salır və orqanizmdə təsirləri nəzarətsiz hala gətirir. Turş meyvə şirələri, xüsusən də sitrus növləri ilə birlikdə qəbul edildikdə isə mədənin selikli qişası qıcıqlanır və həzmsizlik yaranır.

Mütəxəssis xəbərdarlıq edir ki, enerji içkilərinin istifadəsində əsas qayda – miqdarı aşmamaq və onları başqa stimullaşdırıcılarla qarışdırmamaqdır. Əks halda, bu içkilərin verdiyi qısa müddətli güc uzunmüddətli sağlamlıq problemlərinə çevrilə bilər.