Marketlər müxtəlif cür toyuq kolbasaları ilə doludur. Ancaq heç birinin keyfiyyəti barədə müsbət fikir yoxdur. Çünki sexlərdə hazırlanan kolbasalarla bağlı kifayət qədər ciddi faktlar var. İstər onların hazırlanması, istər ətin və qatqıların keyfiyyəti barədə yalnız mənfi, hətta ürəkbulandırıcı faktların şahidi olmuşuq. Mütəxəssislər belə kolbasaların qəbulunun sağlamlıq üçün ciddi təhlükə olduğunu bildirirlər.
Ona görə də, kolbasa həvəskarlarına məsləhət bilinir ki, bu məhsulu özləri, ev şəraitində hazırlasınlar.
Bəs evdə toyuğun təmiz ətindən halal, faydalı kolbasa hazırlamaq mümkündürmü? Təbii ki, mümkündür. Həm də öz hazırladığınız kolbasanın bərkliyi, ətri, rəngi satışdakından fərqlənəcək. Çünki siz ona konservant və müxtəlif rənglər qatmayacaqsınız.
Bəs ev şəraitində toyuq kolbasasını necə hazırlayaq? Medicina.az resepti təqdim edir:
Kolbasanın tərkibi:
Toyuğun döş əti 500 qr.
2 ədəd yumurta
Yarım stəkan bitki yağı
2 böyük diş sarımsaq
1 çay qaşığı zirə
1 çay qaşığı istiot
1 çay qaşığı qırmızı toz bibər
1 xörək qaşığı kəklikotu
1.5 çay qaşığı duz
Hazırlanma qaydası:
Yumurta, yağ, sarımsaq, duz və ədviyyatları blenderlə qarışdırın. Dərisi soyulmuş toyuq ətini əlavə edib xama qatılığında olana qədər qarışdırmağa davam edin. İki qat streç sellofanı taxta üzərinə sərin. Orta hissəsinə hazırladığınız içliyi töküb kolbasa forması verin və kənarlarını konfet kimi bükərək, möhkəmcə sıxın.
Daha sonra kolbasanı bir qat folqaya bükün. Bir qazana atıb, üzərinə çıxacaq qədər qaynar su əlavə edib, qapağını bağlayın.
Qaynamağa başlayandan sonra zəif odda 30 dəqiqə bişməyə qoyun. Bişdikdən sonra kolbasanı sudan çıxarıb, 10 dəqiqə gözləyib, üzərindən folqanı çıxarın. Bundan sonra kolbasanı dilimləyərək, arzu etdiyiniz şəkildə nuş edə bilərsiniz.
Və sonda... Davamlı şəkildə bu cür maraqlı, önəmli məlumatları əldə etmək üçün kanalımıza abunə olun. Sağlıqla qalın.