Giləmeyvə insan sağlamlığına müsbət təsir göstərir, lakin onları təzə və ya dondurulmuş halda istifadə etmək daha yaxşıdır. İstilik (termiki) emalından sonra bir çox faydalı maddələr məhv olur.
Foodinfo.az xəbər verir ki, bu barədə kənd təsərrüfatı elmləri namizədi, Dövlət Təhsil Universitetinin Təbiət Elmləri fakültəsinin Botanika və tətbiqi biologiya kafedrasının dosenti Tatyana Alekseyeva məlumat verib.
Onun sözlərinə görə, giləmeyvələr tərkibində antioksidanların çox olduğuna görə ürək-damar sistemi üçün faydalıdır. Onlar hüceyrələri qan damarlarının divarlarına zərər verə bilən sərbəst radikalların təsirindən qoruyurlar.
Qaragilə, moruq, zoğal kimi əksər giləmeyvələrin tərkibində C vitamini var ki, bu da qan damarlarının divarlarını gücləndirməyə və onların elastikliyini yaxşılaşdırmağa kömək edir. Bundan əlavə, giləmeyvələr xolesterolu azaltmağa və normal təzyiqi saxlamağa kömək edən liflə zəngindir.
Ekspert əlavə edib ki, yabanı çiyələk orqanizmdə maddələr mübadiləsini və qan damarlarının vəziyyətini yaxşılaşdırır, hipertoniya və anemiya zamanı kömək edir. Bu xəstəliklər zamanı soyuqdəymədə də yaxşı qızdırma salan mərcanı (mərcangilə, quşüzümü) yemək də faydalıdır.
Moruq anemiya zamanı faydalıdır, ürək ritmini normallaşdırmağa kömək edir və yaxşı qızdırma salır. Qara qarağat qan damarları və ürək üçün lazım olan vitaminlərlə zəngindir. Böyürtkən isə qan damarlarını gücləndirməyə kömək edir.
Alekseyeva onu da vurğulayıb ki, bu giləmeyvələri təzə halda istifadə etmək və ya gələcəkdə istifadə üçün dondurmaq daha yaxşıdır. Onları bir az şəkərlə də əzib qarışdıra bilərsiniz. İstilik emalından sonra bir çox faydalı maddələr məhv olur. Təzə giləmeyvələri sıyıqlara, yoqurtlara, kokteyllərə əlavə edə və ya ayrılıqda desert kimi yeyə bilərsiniz.
Natəvan