Son illər aparılan araşdırmalar göstərir ki, insanların böyük qismi stress anlarında normadan artıq qida qəbul edir.
Foodinfo.az xəbər verir ki, stress zamanı bədəndə kortizol hormonu yüksəlir. Bu hormon iştahanı artırır və orqanizmi daha çox enerjiyə ehtiyac duyduğuna inandırır. Nəticədə insan xüsusilə yağlı, duzlu və şəkərli qidalara meyl edir.
Psixoloqlar bildirir ki, beyin stress zamanı rahatlıq axtarır və yüksək kalorili qidalar qısa müddətlik “mükafat hissi” yaratdığı üçün insan bu qidalara daha çox yönəlir. Şokolad və şirniyyatın dopamin ifrazını artırması da bu prosesi gücləndirir.
Stress yuxu rejimini pozduqda iştaha tənzimləyən hormonlarda balanssızlıq yaranır. Leptinin azalması və qrelinin artması insanda daha tez-tez aclıq hissi yaradır.
Bu problemin qarşısını almaq üçün stress idarəetməsi vacibdir. Nizamlı yuxu, gündəlik fiziki aktivlik, su qəbulu və nəfəs məşqləri emosional yeyiməni xeyli azalda bilər.
Eyni zamanda evdə yüksək kalorili qidaların saxlanmaması və sağlam qəlyanaltılara üstünlük verilməsi tövsiyə olunur.
Həddindən artıq emosional yemə uzun müddətdə çəki artımına və metabolik problemlərə səbəb ola bilər.






