Bəzi qidaların davamlı şəkildə istifadəsi insan orqanizmində qocalma proseslərini sürətləndirə bilər. Foodinfo.az xəbər verir ki, bu barədə “SberZdorovye” tibb şirkətinin endokrinoloqu və dietoloqu Yelena Çurakina məlumat verib.

Həkimin sözlərinə görə, əlavə şəkər baxımından zəngin olan qidalar — qazlı şirin içkilər, tortlar, konfetlər, şokolad batonçikləri və mağaza peçeniyləri — qanda qlükozanın yüksəlməsinə səbəb olur. Bu, insulinin həddindən artıq ifrazını stimullaşdırır, xroniki iltihabı artırır və hüceyrələri zədələyən AGE birləşmələrinin yaranmasına gətirib çıxarır. Nəticədə dəri, ürək-damar sistemi və digər orqanlarda qocalma əlamətləri daha tez üzə çıxır.

 

Çurakina bildirib ki, trans yağlar və doymuş yağlarla zəngin məhsullar da eyni dərəcədə təhlükəlidir. Onlara sənaye üsulu ilə hazırlanan şirniyyatlar, qəlyanaltılar, çipslər və fəsfud məhsulları daxildir. Bu cür qidalar hüceyrələrdə oksidləşməni gücləndirərək damarların zədələnməsinə, ateroskleroz və ürək-damar xəstəliklərinin inkişafına şərait yaradır.

 

Mütəxəssis əlavə edib ki, qırmızı və emal olunmuş ətlər – kolbasa, sosis, sədərlər, hisə verilmiş məhsullar, eləcə də yarımfabrikatlar – qocalma prosesini daha da sürətləndirir. Bundan başqa, yüksək qlisemik indeksi olan qidalar, məsələn, ağ çörək, kartof, tezbişən sıyıqlar və müxtəlif un məmulatları da qanda şəkərin sürətli yüksəlməsinə səbəb olur.

 

Eyni zamanda, həkim vurğulayıb ki, düzgün qidalanma ilə qocalmanı ləngitmək mümkündür. Bunun üçün rasionda tərəvəz və meyvələr, tam dənli çörək və sıyıqlar, həmçinin yağlı balıqlar – məsələn, qızılbalıq, skumbriya, sardina olmalıdır. Pəhrizdə toyuq və hinduşka kimi azyağlı ət növləri, həmçinin badam və fıstıq kimi qoz-fındıq və toxumların da olması tövsiyə olunur.