
Kiçik ölçüsünə baxmayaraq, kivi immun sistemini dəstəkləyən çoxsaylı faydalı maddələrlə zəngindir. Foodinfo.az bildirir ki, dietoloq Mariya Lapşina “Zdorovo i Vkusno” verilişində kivinin xüsusilə C vitamini baxımından çox güclü meyvə olduğunu qeyd edib. Onun sözlərinə görə, bir ədəd kivi gündəlik C vitamini ehtiyacının 80 faizini qarşılayır. Bu vitamin isə bədəni virus və bakteriyalara qarşı daha dayanıqlı edir.
Kivinin tərkibində həmçinin E vitamini, fol turşusu və kalium var ki, bunlar immunitetlə yanaşı, qan dövranını və hüceyrə bərpasını da dəstəkləyir. Mütəxəssis bildirir ki, kividəki təbii antioksidantlar hüceyrələri sərbəst radikalların zədələyici təsirindən qoruyur. Xüsusilə mövsüm dəyişikliklərində və stresli dövrlərdə kiviyə gündəlik rasionda yer vermək faydalıdır. Həmçinin, kivinin tərkibindəki fermentlər həzmi asanlaşdırır və bağırsaq florasını tarazlayır.
Mariya Lapşina qeyd edir ki, kivini səhər acqarına və ya nahardan sonra desert olaraq qəbul etmək orqanizm üçün daha uyğundur. Lakin mədə turşuluğu yüksək olan şəxslər üçün kivinin miqdarı məhdudlaşdırılmalıdır. Həm də allergik reaksiyalara səbəb olmaması üçün az miqdarda başlayaraq istifadə edilməlidir. Kivinin yumşaq olanlarını seçmək daha yaxşıdır, çünki onların şəkər və vitamin tərkibi daha balanslı olur. Bu meyvə həm immuniteti gücləndirmək, həm də ümumi bədən müqavimətini artırmaq üçün təbii və dadlı vasitədir.