Marmelad sadəcə desert deyil, tərkibində jelatin miqdarı yüksək olsa, qırışlara qarşı da əla məhsul sayıla bilər.
Foodinfo.az xəbər verir ki, bu barədə Life-a qida eksperti Tatyana Yurçenko məlumat verib.
Onun sözlərinə görə, marmeladın tərkibində qatılaşdırıcı olaraq təbii və ya quru pektin, aqar, aqaroid, dəyişdirilmiş nişasta və jelatin olur. Tərkibində məhz jelatin olan marmelad ən faydalı hesab oluna bilər.
Mütəxəssis xatırladıb ki, jelatin heyvan mənşəli gelləşdirici maddədir, yəni o, bədənin birləşdirici toxumasının əsasını təşkil edən qlikoprotein olan xam kollagenin istilik emalından keçmiş formasıdır. Dəriyə elastiklik verən və dayaq-hərəkət sisteminə müsbət təsir göstərən də məhz kollagendir.
"Biz yaşlandıqca, bədəndə daha az kollagen istehsal olunur, bu da sümüklərin, vətərlərin, bağların və dərinin vəziyyətinə təsir göstərir. Beləliklə, jelatin əsaslı marmeladdan qədərində istifadə etmək birləşdirici toxumanı gücləndirməyə, eləcə də qırışların yaranmasının qarşısını almağa kömək edə bilər", - deyə Yurçenko izah edib.
Bundan əlavə, jelatinin tərkibində bədəni enerji ilə təmin edən və insanın zehni fəaliyyətinə müsbət təsir göstərən qlisin kimi faydalı amin turşuları var. Onun tərkibində minerallar da mövcuddur: kalsium, kalium, fosfor, maqnezium və dəmir.
Həkimin sözlərinə görə, pektin və aqar əsasında hazırlanan marmeladın da müəyyən faydaları var. Bu maddələr adsorbent rolunu oynayır, yəni bədəni toksinlərdən və tullantılardan təmizləyir.
Yurçenko qeyd edib ki, marmeladı almazdan əvvəl tərkibini öyrənmək lazımdır. Belə ki, "E" etiketli qida əlavələrindən qorxmamalısınız: onların hamısı Gömrük İttifaqının texniki reqlamentində nəzərdə tutulub ki, burada təhlükəsiz dozalar göstərir.
"Bəzən istehsalçı aromatizator əlavə edir. Təbii xammaldan hazırlanan marmeladın dad və aromatik xüsusiyyətləri çox tez yox olur. Təbii ki, tərkibində
müxtəlif əlavələr nə qədər az olsa, məhsulı bir o qədər təbii və faydalı olar", - deyə ekspert qeyd edib.
O, marmeladın rənginə də diqqət yetirməyi tövsiyə edib. Təbii məhsulun rəngi tutqundur. Rəng nə qədər al-əlvandırsa, tərkibində bir o qədər çox boya var.