Piylənmə ilə bağlı çoxlu yanlış fikirlər mövcuddur. Bəziləri bunun səbəbinin pis qidalanmada olduğuna əmindir, bəziləri isə piylənməni bədəndəki patologiyalarla əlaqələndirir.
Foodinfo.az xəbər verir ki, diyetoloq-endokrinoloq Yuliya Buryakova mövzu ilə bağlı ən çox yayılmış iki mif haqqında danışıb.
Birinci mif piylənmənin səhv və kalorili qidalanma səbəbiylə yarandığını söyləyir. Bu nəzəriyyənin tərəfdarları sübut kimi “konslagerlərdə kök adamların olmadığını” bildirirlər.
Lakin həkimin sözlərinə görə, əksər hallarda kökəlməyə heç də çox yemək deyil, digər amillər səbəb olur. Bura gün ərzində qidanın düzgün bölünməməsi, uyğun olmayan qidaların qəbulu, endokrin patologiyalar və mədə-bağırsaq traktı problemləri daxildir.
İkinci mifə görə, piylənmə artıq çəki ilə əlaqəlidir. Həkim isə izah edib ki, yağ toxumasının tərkibini çəki ilə qiymətləndirmək olmaz. Bu məsələdə ən dəqiq üsul bioimpedansometriyadır.
Belə ki, bədən quruluşunun təhlili normal çəki arxasında bəzən əzələ kütləsinin çatışmazlığının və yağ kütləsinin artıqlığının olduğunu görməyə kömək edir.
Toxuma faizinə əsasən, belə insanlara bəzən hətta artıq çəki deyil, piylənmə diaqnozu qoyula bilər.