Qlütensiz çörəyin kimlər üçün faydalı, kimlər üçün isə məqsədəuyğun olmadığı ilə bağlı mütəxəssis açıqlaması verilib. Foodinfo.az Sports.kz-ya istinadla xəbər verir ki, qlütensiz çörək buğda, çovdar, arpa və onların törəmələri kimi qlütən tərkibli taxıllardan istifadə olunmadan hazırlanan un məmulatıdır.
Bu cür çörəyin istehsalında alternativ un növlərindən və xüsusi quruluşverici maddələrdən istifadə edilir. Son illər qlütensiz çörəyə marağın artması insanların qida məhsullarının tərkibinə daha çox diqqət yetirməsi və sağlam seçimlərə üstünlük verməsi ilə əlaqələndirilir. Məhsulun əsas məqsədi həzm sistemi üzərində olan yükü azaltmaqdır.
Mütəxəssislərin sözlərinə görə, qlütensiz qidalanmanın müəyyən üstünlükləri mövcuddur. Belə ki, qlütənə həssaslığı olan şəxslərdə mədə-bağırsaq narahatlıqlarının azalması müşahidə oluna bilər. Həmçinin bu çörəklərdə allergiya yarada bilən zülalların miqdarı daha az olur. Tərkibə ciddi nəzarət edildiyi üçün bəzi hallarda çəkinin azalmasına da kömək edə bilər.
Lakin qlütensiz çörəyin mənfi cəhətləri də var. Qlütənin olmaması xəmiri daha dayanıqsız edir və bu da hazırlanma prosesini çətinləşdirir. Nəticədə məhsulun qiyməti adi çörəklərlə müqayisədə daha yüksək olur. Bundan əlavə, bəzi istehsalçılar dadı və quruluşu qorumaq üçün çörəyə daha çox nişasta və şəkər əlavə edirlər ki, bu da insulin müqaviməti olan insanlar üçün təhlükəlidir.
Qeyd edilir ki, qlütən özü faydalı zülal hesab olunur və onun əsassız şəkildə qida rasionundan çıxarılması vitamin və qida maddələrinin çatışmazlığına səbəb ola bilər. Xüsusilə pəhriz saxlayan şəxslər üçün bu risk daha yüksəkdir. Mütəxəssislər bildirirlər ki, qlütensiz çörək yalnız tibbi göstəriş olduqda faydalıdır və sağlam insanlarda xüsusi üstünlük yaratmır.






