Yemək vaxtı seçilən film və ya veriliş insanın iştahına, doyma hissinə və hətta yeməyin dadını necə qavramasına ciddi təsir göstərə bilər. Foodinfo.az xəbər verir ki, Böyük Britaniyanın Liverpul Universitetinin psixologiya üzrə elmlər namizədi Xarmexak Sinqh açıqlamasında bildirib ki, xüsusilə qorxu filmləri və gərgin süjetli ekran əsərləri qida qəbuluna mənfi təsir göstərir.

Mütəxəssisin sözlərinə görə, insan qorxu, təşviş və narahatlıq kimi emosiyalar yaşadıqda, orqanizm diqqətini təhlükədən qorunmaya yönəldir və bu zaman dad reseptorlarının fəaliyyəti xeyli zəifləyir. Həkim vurğulayıb ki, belə hallarda yemək adi vaxtlarla müqayisədə daha dadsız görünə bilər.

Sinqh əlavə edib ki, stress hormonlarının yüksəlməsi həmçinin doyma siqnallarını da zəiflədir: “Bədən həyəcan içində olanda əsas məqsəd təhlükədən yayınmaq olur. Bu zaman ləzzət hissi arxa plana keçir və insan özünün nə qədər yediyini də tam anlamaya bilər”.

Psixoloq qeyd edib ki, qorxu filmləri, ağır dramlar və ya qəfil səhnələrlə dolu gərgin süjetlər həm iştahı poza, həm də normadan artıq yeməyə səbəb ola bilər. Mütəxəssislər buna görə də nahar və ya şam zamanı daha sakit və emosional gərginlik yaratmayan proqramlara üstünlük verilməsini tövsiyə edirlər.

Onun sözlərinə görə, qida qəbulunu müşayiət edən vizual material nə qədər rahat olarsa, insanın həm doyma hissi normal olur, həm də qidaların dadını daha real şəkildə hiss etmək mümkün olur. Psixoloq yekunda bildirib ki, yemək vaxtı seçilən kontent gündəlik qidalanma davranışında düşündüyümüzdən daha vacib rol oynayır.