Bəzi qidaların həddindən artıq istehlakı beyin fəaliyyətinə mənfi təsir göstərə bilər. 

Foodinfo.az xəbər verir ki, tibb elmləri namizədi, "Hemotest" laboratoriyasının nevroloqu Yekaterina Demyanovskaya Gazeta.Ru-ya müsahibəsində bu barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, rasionda duzun çox olması beyin üçün zərərlidir: qan təzyiqini artırır və arterial hipertenziya və ya hipertoniyaya səbəb ola bilər.

“Hipertoniya zamanı qan damarları daralmaqla yanaşı, onların beyindəki sayı da tədricən azalır. Damarların azalması səbəbindən beyinə qan axını da zəifləyir, buna görə də arterial hipertenziya demensiyanın inkişafı üçün ciddi risk faktorudur", - deyə həkim xəbərdarlıq edinb.

Sağlamlığı qorumaq üçün Demyanovskaya evdə hazırlanan və sənaye konservləri, ketçup, marinad, soya sousu, qurudulmuş balıq və çipslər daxil olmaqla, duzluluğu çox olan qidalardan çox istifadə etməməyi məsləhət görüb.

Nevroloq həmçinin heyvan mənşəli yağların istifadəsində də həddi aşmamağa çağırıb. Bir tərəfdən, onlar əhval-ruhiyyəni, iştahı, yuxunu və yaddaşı tənzimləyən vacib neyromediatorların istehsalını stimullaşdırırlar. Lakin çox miqdarda yağlı qidalar ateroskleroza səbəb ola bilər. Bu xəstəlik zamanı qan damarlarının divarlarında yağ yığılması səbəbindən beyinə qan tədarükü pozulur.

“Əlbəttə, yağlı qidalardan tamamilə imtina edib yağsız qidalara keçmək arzuolunmazdır. Qidalanmaya diqqət etmək və qanda xolesterinin səviyyəsini nəzarətdə saxlamaq vacibdir", - deyə mütəxəssis qeyd edib.

Beyin üçün digər təhlükəli qida isə suşidir. Düyünün özü, xüsusən də cilalanmamış olduqda, B1 vitamini mənbəyi ola bilər, lakin çiy balıqda olan tiaminaz fermenti düyünün faydalı xüsusiyyətlərini heçə endirir.

"Vitamin B1 və ya tiamin sinir impulslarının ötürülməsində iştirak edir və onun çatışmazlığı yaddaşın pozulmasına, yuxusuzluğa, əzələ ağrılarına və depressiyaya səbəb ola bilər", - deyən həkim vurğulayıb ki, bu problemlərin qarşısını almaq üçün yapon mətbəxini sevənlərə qoz-fındıq, quru meyvə və süd məhsulları yemək tövsiyə olunur.

Demyanovskaya sonda qeyd edib ki, qidalanmada qoyulan ciddi məhdudiyyətlər də beyin üçün zərərlidir. Bu orqan dayanmadan işləyir və öz ehtiyatlarını yaratmadığı üçün daim enerjiyə ehtiyac duyur. Beyin üçün yeməklər arasında uzun fasilələr, həmçinin vitamin və mikroelementlərin çatışmazlığı zərərlidir.

Fərid