Qəhvə sevilən içkilərdən biri olsa da, onun miqdarına diqqət etmək vacibdir. Foodinfo.az xəbər verir ki, “SM-Clinic”in ginekoloqu Zara Maryanyan Gazeta.ru-ya açıqlamasında böyüklər üçün kofein qəbulunun təhlükəsiz gündəlik normasının 400 milliqramdan artıq olmamalı olduğunu bildirib.
Ekspertin sözlərinə görə, bu göstərici sağlam yetkin insanlar üçün hesablanıb və gün ərzində bir neçə hissəyə bölünərək qəbul edilməlidir. Uşaqlar və yeniyetmələr üçün isə norma fərqlidir. “Onlar üçün təhlükəsiz doza bədən çəkisinin hər kiloqramına 2,5 milliqram hesablanır. Yaşlı insanlarda isə, əgər ürək-damar riski aşağıdırsa, adətən gündə bir fincan qəhvə kifayətdir,” – deyə Maryanyan qeyd edib.
Eyni zamanda, diyetoloq və nutrisioloq Sofya Kovanova Aif.ru-ya müsahibəsində vurğulayıb ki, ürək və ya mədə xəstəlikləri olan insanlar adi qəhvəni kofeinsiz (decaf) içkilərlə və ya sikori ilə əvəz edə bilərlər.
Onun sözlərinə görə, sikori təbii olaraq kofein tərkibli deyil, decaf qəhvədə isə cəmi 1–3% kofein qalır ki, bu da orqanizmə yük yaratmır.
Mütəxəssislər həmçinin tövsiyə edirlər ki, qəhvə günün erkən saatlarında içilsin və qida ilə birlikdə qəbul edilsin — bu, həm əsəb gərginliyini azaldır, həm də yuxu keyfiyyətini pozmur.






