Soyuq havalarda bədənimizi istilik və enerji ilə təmin etmək üçün düzgün qidalanma xüsusi əhəmiyyət daşıyır. Foodinfo.az xəbər verir ki, “LabQuest” tibbi şirkətinin həkim ekspertı Vera Seryojina Izvestiya qəzetinə verdiyi müsahibədə bildirib ki, yağlı dəniz balığı qış rasionunda vacib yer tutmalıdır.

Ekspertin sözlərinə görə, bu növ balıqlar orqanizmin enerji ehtiyatını qoruyur, maddələr mübadiləsini stimullaşdırır və immun sistemini gücləndirir. Onun fikrincə, xüsusilə losos, skumbriya, sardina və tuna kimi balıqlar qış aylarında orqanizmi istilik və güclə təmin etmək üçün ideal seçimdir.

Seryojina əlavə edib ki, balanslı qidalanma yalnız balıqla məhdudlaşmamalıdır. Qida dəyəri yüksək məhsullar – quru meyvələr, şam qozu, susam, badam, turş kələm, yerkökü, çuğundur, balqabaq, turp və daikon – qış rasionunu zənginləşdirərək bədənin müqavimətini artırır.

Həkim vurğulayıb ki, bu məhsullar həm də bədənin qida maddələrinə olan ehtiyacını qarşılayır, soyuqdən qoruyur və əzələ, sinir sisteminin normal işləməsini təmin edir.

Mütəxəssis sonda tövsiyə edib ki, qış aylarında rasionda yağlı balıq və vitaminlə zəngin tərəvəzlər mütləq yer almalıdır, bu isə həm sağlamlığı qoruyur, həm də gündəlik enerjini artırır.