“Ürək vurğularının seyrəlməsi ilə özünü göstərən ritm pozulmaları bradikardiya adlanır. Bu hal ürək yığılması üçün ilk impuls yaranma yeri olan sinus düyünündən çıxan impulsların azalmasından, nəbzin dəqiqədə 60-dan az vurması baş verirsə, sinus bradikardiyası hesab edilir. Bradikardiya həm də bəzi ürəkdaxili blokadalarda da natamam və ya tam ola bilər. Sinus bradikardiyasında ürək vurğularının sayı 40-50-yə qədər düşə bilər və əgər nəbz daha azdırsa, burada blokadalar barədə düşünülməlidir”.
Bu sözləri C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun böyük elmi işçisi, tibb üzrə fəlsəfə doktoru Rafiq Yusifli deyib. Onun verdiyi məlumata görə, yaxşı məşq etmiş sağlam insanlarda, peşəkar idmançılarda da nəbz seyrək, 60 və daha az ola bilər ki, bu da xəstəlik hesab edilmir. Ümumiyyətlə, bradikardiya ayrıca bir xəstəlik deyil, hər hansı xəstəliyin, o cümlədən ürək və digər üzvlərin əlamətlərindən biridir. O ürəyin işemik xəstəliklərində, ən çox ürəyin arxa divar infarktında, miokarditlərdə, aritmiya əleyhinə dərmanlar - betaadrenoblokatorlar, kordaron, diqoksin, koraksan və s. qəbulunda, qalxanabənzər vəzin funsiyasının zəifləməsində, nevrozlarda və müxtəlif zəhərlənmələrdə baş verə bilər.
Həkim-kardioloq deyib: ”Bradikardiya bəzi hallarda beyinin qanla təminatının zəifləməsindən bayılma, başgicəllənmə, tərləmə, tez yorulma, halsızlıq, göz önündə qaralma hissi ilə özünü büruzə verir, bu halda mütləq həkimə müraciət edilməlidir. Sağlam insanlarda belə əlamətlər olmur. Nəbzi saymaqla bradikardiya olduğunu bilmək olur, ən dəqiq müayinə isə sutkalıq elektrokardioqrafiya, başqa sözlə, Holter müainəsidır.
Bradikardiya zamanı əsas xəstəliyə uyğun müalicə aparılmalıdır. Ağır hallarda, xüsusilə sinus düyün fəaliyyəti dayandıqda tam blokadalarda elektrokardiostimulyator implantasiya edilməsi, ürək vurğularını artıran aparatın dəri altına yerləşdirilməsi zərurəti yarana bilər”. (AZƏRTAC)