Qaraciyərin piylənməsi (yağlı qaraciyər xəstəliyi) dünyada ən sürətlə yayılan metabolik problemlərdən biridir və həkimlərin fikrincə, bu prosesin əsas səbəblərindən biri qidalanma vərdişlərində yol verilən səhvlərdir. Son illərdə xüsusilə şəkərli içkilərin istifadəsi bu xəstəliyin inkişafında əsas risk faktoru kimi göstərilir və həkimlər insanları bu vərdişdən imtina etməyə çağırırlar.
Foodinfo.az xəbər verir ki, Kanadalı tanınmış həkim və müəllif Dr. Jason Fung “The Globe and Mail” qəzetinə müsahibəsində bildirib ki, şəkərli qazlı içkilər və meyvə şirəsi tərkibli hazır məhsullar qaraciyərin piylənməsini sürətləndirən ən təhlükəli amillərdəndir və bu problem getdikcə daha çox gənclər arasında yayılır.

Onun sözlərinə görə, fruktoza ilə zəngin olan bu içkilər orqanizmdə çox sürətli şəkildə qaraciyərə gedərək yağ istehsalını artırır və nəticədə qaraciyər hüceyrələrinin normal fəaliyyətini pozur. Dr. Fung vurğulayıb ki, insanlar çox vaxt düşünürlər ki, yalnız spirtli içkilər qaraciyərə zərər verir, halbuki gündəlik qidalanmada istifadə edilən şəkərli içkilər alkoqoldan daha təhlükəli təsir göstərə bilir, çünki onların miqdarı çox olur və müntəzəm qəbul edilir. O qeyd edib ki, bu vərdiş təkcə qaraciyərdə piy yığılmasına səbəb olmur, həm də insulin müqavimətini artıraraq şəkərli diabet riskini yüksəldir və ürək-damar sisteminə də mənfi təsir göstərir.

Həkim əlavə edib ki, qaraciyər piylənməsinin qarşısını almaq üçün ən sadə və effektiv addım şəkərli içkilərin menyudan tamamilə çıxarılmasıdır. Bunun əvəzində təmiz su, şəkərsiz bitki çayları və təbii mineral sular içmək tövsiyə olunur. Dr. Fung həmçinin bildirib ki, artıq formalaşmış piylənmə mərhələsində belə, içki vərdişinin dəyişdirilməsi qaraciyərin bərpa prosesini sürətləndirə və xəstəliyin ağırlaşmasının qarşısını ala bilər.