
Astma milyonlarla insanın həyat keyfiyyətini aşağı salan xroniki tənəffüs xəstəliyidir və onun simptomlarının idarə olunmasında qida seçimi də mühüm rol oynayır. Son illərdə aparılan araşdırmalar göstərir ki, müəyyən qidalar nəfəs yollarında iltihabı azaldaraq xəstəliyin gedişinə müsbət təsir edə bilir.
Foodinfo.az xəbər verir ki, Böyük Britaniyada fəaliyyət göstərən pulmonoloq Dr. Seif Shaheen “The Independent” qəzetinə verdiyi açıqlamada omega-3 yağ turşularının astma xəstələrinin vəziyyətində əhəmiyyətli yaxşılaşma yaratdığını bildirib.
Onun sözlərinə görə, losos, sardina, skumbriya kimi yağlı balıqlar tərkibindəki omeqa-3 sayəsində bronxların həssaslığını azaldır, tənəffüs yollarının daralmasının qarşısını alır və xəstələrin nəfəs almasını asanlaşdırır. Dr. Shaheen qeyd edib ki, omega-3 maddələrinin iltihab əleyhinə təsiri elmi araşdırmalarla sübut olunub və bu səbəbdən balıq məhsullarının həftədə ən azı 2-3 dəfə pəhrizə daxil edilməsi tövsiyə olunur.
Mütəxəssis əlavə edib ki, astma xəstələrində yalnız dərmanlarla müalicə kifayət etmir, çünki qidalanma faktorları da xəstəliyin gedişinə birbaşa təsir göstərir. O vurğulayıb ki, düzgün pəhrizlə dərman müalicəsinin birgə istifadəsi astma simptomlarını xeyli yüngülləşdirə və tutmaların sayını azaltmağa kömək edir. Dr. Shaheen həmçinin bildirib ki, gələcəkdə qidalanma terapiyası astmanın standart müalicə protokollarına daxil edilə bilər.