Yay aylarında orqanizmdə maye itkisi çox oluduğundan qan qatılaşması baş verir və bunun nəticəsində bir sıra xəstəliklər yaranır. Qida rejiminə düzgün əməl edilməməsi ürək-damar xəstəlikləri riskini artırır, infarkt üçün şərait yaranır. Ona görə də arterial təzyiqi yüksək olanlar yay aylarında qida rejiminə ciddi fikir verməlidirlər.
Hipertoniya xəstəliyindən əziyyət çəkənlər xəstəliyin riskini azaltmaq və qan dövranını yaxşılaşdırmaq məqsədilə təmiz su, daha doğrusu, qazsız və şəkərsiz maye qəbul etməlidirlər. Bundan başqa vitaminlərlə zəngin meyvələrə üstünlük verilməli, tərəvəzlərdən hazırlanmış yeməklər gündəlik qida rasionunun əsas tərkib hissəsi olmalıdır.
Paytaxtdakı 22 nömrəli Birləşmiş Xəstəxananın həkim-kardioloqu Nüşabə Səfərova AZƏRTAC-a deyib: "Hipertoniya xəstələri şəkərdən və duzdan mümkün qədər az istifadə etməlidir. Gün ərzində 5 qramdan artıq duz qəbul edilməməlidir. Yağlı qidalar qanın qatılaşmağına səbəb olduğuna görə bunu da mütləq nəzərə almaq lazımdır. Qatılaşma itirilən mayenin hesabına görə baş verdiyindən yağlı qidaların qəbulu minimuma endirilməlidir”.
Arterial təzyiqin yüksək olmasından əziyyət çəkənlər daha çox yaşlılar və çəkisi yüksək olanlardır. Həkim-kardioloqun dediyinə görə, uzun müddət ac qalandan sonra orqanizmin birdən-birə qida ilə yüklənməsi yolverilməzdir, çünki artıq miqdarda qida qəbulundan sonra qanın damarlarda hərəkəti ağırlaşır: "Təbii və təzə ərzaq məhsullarından hazırlanmış qidalardan istifadə etmək məsləhətdir. Sobada bişirilmiş yağsız ət məhsulları rasionda üstünlük təşkil etməlidir, çünki bu halda piy əriyərək ətdən ayrılır. Tərkibində şəkərin miqdarı çox olan qidaları rasiondan çıxardaraq xurma, kişmiş və digər şirin meyvələr qəbul etmək daha yaxşı olar. Çoxlu meyvə-tərəvəz qəbulu da əsas məsələdir. Qışda qəbul edilməyən qidalar yayda orqanizmdə depo kimi toplanılmalıdır”.