Bir neçə nəsil yağ və kolbasa ilə hazırlanan buterbrodlarla böyüyüb. Lakin mütəxəssislər bildirir ki, bu cür qəlyanaltı sağlamlıq üçün risklər yarada bilər.

Foodinfo.az aif.ru saytına istinadla xəbər verir ki, nutrisoloq Olqa Yablokova belə buterbrodların niyə zərərli olduğunu və onları necə daha faydalı hala gətirməyin mümkünlüyünü açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, ağ çörək sürətli karbohidrat sayılır və tərkibində lif, vitamin və mikroelementlər demək olar ki, yoxdur. Mağazalarda satılan kolbasa, hətta bahalı olsa belə, çox zaman keyfiyyətli ət ehtiva etmir, əvəzində transyağlar, duz, dad gücləndiriciləri və boyalarla zəngin olur. Kərə yağı isə bu kombinasiyada əlavə doymuş yağ mənbəyinə çevrilərək yeməyin yükünü daha da artırır.

Olqa Yablokova xəbərdarlıq edir ki, bu cür buterbrodların mütəmadi qəbulu xolesterinin yüksəlməsinə, normadan artıq yeməyə, ürək-damar sistemi problemlərinə və artıq çəkiyə səbəb ola bilər.

Bununla belə, mütəxəssis qeyd edir ki, buterbrodlardan tamamilə imtina etməyə ehtiyac yoxdur. Sadəcə onları “yenidən yığmaq” lazımdır. Onun təklif etdiyi “ideal buterbrod formulu” belədir: tam taxıllı çörək + nazik qat keyfiyyətli kərə yağı + ev şəraitində hazırlanmış ət və ya balıq + yüngül pendir + mütləq göyərti və tərəvəz. Bu halda buterbrod balanslı, lif, zülal və faydalı yağlarla zəngin yeməyə çevrilir.

Ekspert kərə yağı seçiminə də xüsusi diqqət yetirib. Onun sözlərinə görə, qorxulara baxmayaraq, keyfiyyətli kərə yağını rasiondan çıxarmaq lazım deyil. Belə məhsulun tərkibində A, D, E və K vitaminləri, həmçinin dəyərli yağ turşuları mövcuddur. Lakin yalnız yağlılığı 82 faiz və daha yüksək olan, tərkibində yalnız qaymaq və maya olan kərə yağı seçilməlidir.