Hazırda kimyəvi çirkləndiricilər bütün dünya ölkələri üçün ciddi problem yaratmaqdadır. Ətraf mühit çirkləndiriciləri arasında pestisidlər xüsusi yer tutur və digər çirkləndiricilərdən fərqli olaraq məqsədli şəkildə ətraf mühitə səpilir.
Foodinfo.az agentliyə istinadən xəbər verir ki, kəskin toksikliyi, uzun müddət təsirini saxlaması və ətraf mühit üçün yaratdığı təhlükə nəzərə alınaraq Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyasının 2021-ci il 31 avqust tarixli, 23 nömrəli qərarı ilə 191 adda pestisidin təsiredici maddələrinin idxalı, qeydiyyatı, istehsalı və tətbiqinin qadağan edilməsi ilə bağlı müvafiq qərar qəbul olunub. Siyahıda göstərilən təsiredici maddələr olan pestisidlərin tətbiqi bu qərar imzalandığı gündən üç ay sonra qadağan ediləcək.
Qeyd edək ki, bu siyahı hazırlanarkən “Rotterdam Konvensiyası ilə tənzimlənən kimyəvi maddələr”, “Davamlı Üzvi Çirkləndiricilər haqqında” Stokholm Konvensiyası, “Ozon təbəqəsini dağıdan maddələr” üzrə Beynəlxalq Montreal protokolu və Avropa Birliyi tərəfindən istifadəsi qadağan olunan təsiredici maddələrin siyahısına istinad olunub.
Məlumat üçün bildiririk ki, Stokholm Konvensiyasının əsas məqsədi dünyada ən arzuolunmaz kimyəvi maddələrdən sayılan Davamlı Üzvi Çirkləndiricilərin aradan qaldırılmasına yönəldilib. Davamlı Üzvi Çirkləndiricilər toksik, bioakkumulyativ, yüksək davamlı olub uzun məsafələrə daşına bilir və bununla da canlılar üçün qlobal təhlükə yaradır. "Müəyyən zəhərli kimyəvi maddələrin və pestisidlərin beynəlxalq ticarətində əvvəlcədən razılığın verilməsi proseduruna dair Rotterdam Konvensiyası" Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üçün əvvəlcədən təsdiq olunmuş razılıq proseduru üzrə beynəlxalq ticarətdə bəzi təhlükəli pestisidlər barədə informasiya mübadiləsini tənzimləyir. Monreal Protokolu Ozon təbəqəsini dağıdan maddələr üzrə beynəlxalq müqavilə olub, ozon təbəqəsini dağıtdıqları ehtimal olunan bir sıra maddələrin istehsalını tədricən dayandırılması yolu ilə ozon təbəqəsinin mühafizə olunmasına yönəldilib.
Beynəlxalq konvensiyalar və qurumlar tərəfindən qadağan olunmuş pestisidlərin kənd təsərrüfatında tətbiqi insan və heyvan sağlamlığında ciddi problemlərin yaranmasına, ətraf mühitin çirklənməsinə, ekoloji tarazlığın pozulmasına, məhsullarda qadağan olunmuş zəhərli kimyəvi maddələrin qalıq miqdarının yaranmasına və ölkəmizin ixrac potensialının azalmasına səbəb ola bilər.
Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, ətraf mühitin və insan sağlamlığının qorunması, torpaq münbitliyinin və strukturunun mühafizəsi baxımından kənd təsərrüfatında qadağan olunmuş təsiredici maddələrin tətbiqi yolverilməzdir.
“Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.6-cı maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 22 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi Qaydaları”nın 26-cı bəndinə əsasən, preparatların təhlükəliliyi barədə yeni məlumatlar daxil olduğu hallarda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi onların tətbiqini tamamilə və ya müvəqqəti dövr üçün qadağan edir.
Son xəbərlər
- Ət üçün daha ucuz və sağlam əvəzedici
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir