Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) 15 İyun − Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib. Foodinfo.az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının (YAP) Nizami rayon təşkilatının fəallarının iştirakı ilə keçirilən tədbirdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Daha sonra AQTA sədri Qoşqar Təhməzli Azərbaycan xalqı üçün əlamətdar olan tarixi gün haqqında məlumat verib. Qeyd edilib ki, məhz həmin tarixdə ümumilli lider böyük fədakarlıq göstərərək, müstəqil və vahid Azərbaycan uğrunda çox çətin və məsuliyyətli, eyni zamanda tarixi missiyanı öhdəsinə götürüb, dahi rəhbər ölkəmizi düçar olduğu ağır böhrandan, məşəqqətli günlərdən xilas edərək, milli suverenliyə gedən böyük yolun siyasi konturlarını müəyyənləşdirib. Bu gün Heydər Əliyev siyasi kursunun uğurla davam etdirildiyini deyən Agentlik sədri bildirib ki, Azərbaycanın müstəqil dövlət kimi var olmasında böyük dönüş yaradan bu şanlı tarix hər birimizin qarşısında böyük vəzifələr, öhdəliklər və hədəflər müəyyənləşdirib. Belə ki, bu gün dünyanın iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən ölkəmizin qazandığı davamlı nailiyyətləri şərtləndirən çoxsaylı faktorlar var ki, onlardan biri də strateji əhəmiyyət daşıyan qida təhlükəsizliyidir. Bu strateji xəttin inkişafında, o cümlədən Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi və gücləndirilməsində Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları, eləcə də tapşırıqlarından irəli gələn fəaliyyətlər böyük əzim və iradə ilə davam etdiriləcəkdir. Tədbirdə YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov də çıxış edərək, bildirib ki, yaradıcısı ümummilli lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır və hər keçən gün bu ideyalar ətrafında YAP sıralarına böyük həvəslə qoşulan gənclərin sayı artır. Çıxışlardan sonra II Qarabağ müharibəsində iştirak etmiş AQTA əməkdaşları və onların yaxınlarına təşəkkürnamələr, eyni zamanda YAP Nizami rayon təşkilatında partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqəsi təqdim edilib. [gallery ids="48044,48045"]