Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) FHN-in Dövlət Yanğın Nəzarət Xidmətinin 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının da iştirakı ilə yanğın təhlükəsizliyi qaydaları mövzusunda tədbir keçirilib, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah edilib.
İnstitutdan Foodinfo.az-a verilən məlumata görə, tədbir iştirakçıları odsöndürənlərdən istifadə üsulları, baş verə biləcək yanğın zamanı təhlükəsizliyin təmin edilməsi və təxliyə yolları haqqında, eləcə də “112 – Qaynar xətti” barədə məlumatlandırılıblar. Yanğın təhlükəsizliyi qaydalarına hər kəsin ciddi şəkildə riayət etməsinin zəruriliyi xüsusi olaraq vurğulanıb. Xüsusən də iş vaxtının sonunda elektrik avadanlıqlarının şəbəkədən ayrılmasının yanğın təhlükəsizliyinin təmin edilməsində vacib faktorlardan biri olduğu bildirilib. Bundan başqa, yanğını nəzarətdə saxlamaq və onu aradan qaldırmaq üçün ilkin yanğınsöndürmə vasitələrindən düzgün və zamanında istifadə edilməsi də şərtdir. Qeyd edilib ki, odsöndürənin tam işlək vəziyyətdə olmasına daim diqqət yetirilməlidir.
Əgər müəssisədə yanğın elektrik avadanlığından yaranıbsa, dərhal naqilini cərəyandan ayırmaq və əl altında olan vasitələrlə yanğını söndürməyə başlamaq lazımdır. Su elektrik cərəyanı keçirdiyindən gərginlik altında olan elektrik naqilləri, cihaz və avadanlıqlar yanarkən su ilə söndürülməsi yolverilməzdir.
Həmçinin bildirilib ki, yanğın zamanı pəncərə şüşələrini sındırmaqla, pəncərəni açmaqla hava cərəyanı yaratmaq olmaz. Bu, alovu daha da şiddətləndirə bilər. Yanğın baş verən zaman təxliyə qaydalarını bilməyin zəruriliyi də nəzərə çatdırılıb. Tədbir iştirakçılarının digər sualları FHN-in Dövlət Yanğın Nəzarət Xidmətinin 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən cavablandırılıb, müzakirələr aparılıb.
Tədbirin davamı olaraq simulyasiya edilmiş yanğın zamanı təxliyə planına uyğun olaraq işçilərin təhlükəsiz yerə köçürülməsi həyata keçirilib, odsöndürən və digər mövcud vasitələrlə şərti yanğının söndürülməsinə başlanılıb. Həmçinin şərti xəsarət almış, eləcə də tüstüdən zəhərlənmiş işçilərə ilkin tibbi yardım göstərilib. Şərti yanğının söndürülməsi uğurla başa çatıb.
[gallery ids="43407,43408,43409"]
Son xəbərlər
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir
- Bu qida ilə yuxu zamanı bədən "bərpa olunur" və cavanlaşır
- Bu məhsulu qışda ürək və qan damarlarının sağlamlığı üçün yemək lazımdır