Azərbaycanda əsas məhsullar üzrə 90 günlük mal ehtiyatları yaradılıb. Foodinfo.az xəbər verir ki,bunu baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deyib. “Dünyada və regionda baş verən geosiyasi proseslərə və çətinliklərə baxmayaraq, Azərbaycanda ərzaq ehtiyatı ilə bağlı hər hansı problem olmayıb və yoxdur. Əsas ərzaq məhsulları üzrə ehtiyatların yaradılması istiqamətində ciddi işlər aparılır, o cümlədən əsas məhsullar üzrə ciddi ixrac məhdudiyyətləri tətbiq edilib, 90 günlük mal ehtiyatları yaradılıb”, - deyə o bildirib. Baş nazir qeyd edib ki, hazırda ərzaq təhlükəsizliyi məsələsi daha da aktuallaşıb. “Bununla əlaqədar bir sıra tədbirlər həyata keçirilib, xüsusilə ərzaq məhsullarının idxalçılarına gömrük güzəştləri, güzəştli kreditlər, subsidiyalar verilib”, - deyə o əlavə edib. Ə.Əsədov vurğulayıb ki, Azərbaycanın əsas prioritetlərindən biri kənd təsərrüfatının inkişafıdır. “2023-cü ildə ərzaq təhlükəsizliyi tədbirləri üçün büdcə xərcləri 38,6% artırılaraq 625 milyon manat ($367,6 milyon) təşkil edir. Bundan başqa, ərzaqlıq buğda təminatı ilə bağlı tədbirlərə 180 milyon manat ($105,9 milyon) yönəldiləcək”, - deyə baş nazir qeyd edib.