Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı çərçivəsində idxal və ixrac əməliyyatları zamanı qida təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi məqsədilə respublikanın bir sıra bölgələrində qida təhlükəsizliyinə nəzarət məntəqələrinin tikintisinə başlanılıb. Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ölkədə qida təhlükəsizliyi sahəsində görülən işlərlə bağlı keçirilən mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək “Qida təhlükəsizliyi haqqında” qanunda qida təhlükəsizliyinə nəzarət məntəqələrinin yaradılması ilə bağlı hüquqi baza nəzərdə tutulub. AQTA sədri bildirib ki, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Prezident fərmanında dəyişiklik edilməsi barədə fərmanı ilə Agentliyin ştat vahidinin artırılması qida təhlükəsizliyinə nəzarət məntəqələrinin fəaliyyəti üçün tələb olunan ştatların da təmin olunmasına imkan verəcək.