Kənd təsərrüfatı sahələrindən əldə olunan məhsullar dünyanın ərzaq ehtiyatının formalaşmasında və bilavasitə ərzaq təlabatının qarşılanmasında əsas iştirakçı qüvvələrdəndir. Əkin sahələrindən əldə edilən bu məhsullar, qida istehlakının qarşılanması ilə yanaşı, həmçinin, müxtəlif sənaye sahələrində xammal mənbəyi mövqeyindən də çıxış edir. Müvafiq məqsədə xidmət göstərən bu bitkilər texniki bitkilər olaraq qruplaşdırılır ki, günümüzdə istifadə etdiyimiz bir çox məhsulların hazırlanması birbaşa onlardan asılıdır desək, yanılmarıq.

Bəs gəlin görək, texniki bitki nədir?

Texniki bitkilər əsasən qeyri-ərzaq məqsədləri üçün yetişdirilir. İstehlak üçün yetişdirilən ənənəvi qida bitkilərindən fərqli olaraq, texniki bitkilər müxtəlif sənaye sahələrinə, kommersiya və s. kimi məqsədlərə xidmət edir. Beləliklə, bu kateqoriyaya daxil olan bitkilər emal, enerji istehsalı və digər qeyri-ərzaq sənayelərində istifadə olunan xammal istehsalında böyük pay sahibidir.

 

Texniki bitkilərin növləri

 

Yüngül və yeyinti sənayelərinin zəruri olan xammal ilə təmin olunmasında aparıcı qüvvə olan texniki bitkilər öz-özlüyündə müxtəlif kateqoriyalar üzrə qruplaşdırılır.

Lifli bitkilər: 

Lifli bitkilər 3 boyük qrupa bölünür: 
 

  • Meyvəsi lifli bitkilər: Pambıq
  • Gövdəsi lifli bitkilər: Uzunlifli kətan, kənaf, çətənə, cut, kəndir otu, və s. 
  • Yarpağı lifli bitkilər: Yukka, sizal, Yeni Zelandiya kətanı və s.

 

Şəkərli bitkilər: 

Şəkər çuğunduru, şəkər qamışı, biyan və s. 

Yağlı bitkilər: 

Günəbaxan, soya, gənəgərçək, yağlı kətan, göy xardal, ağ xardal, payızlıq raps, yazlıq raps (kolza), turpəng, yağçiçəyi, araxis (yer fındığı), küncüt, saflor, perilla (sudza), lalemantiya, yağlı lalə və s. 

Efir yağlı bitkilər:

Keşniş, acı nanə, efiryağlı qızılgül, sürvə, lavanda, reyhan, cirə, zirə,  razyana və s. 

Dərman əhəmiyyətli texniki bitkilər:

Çaytikanı, sığırquyruğu, jen-şen, dərman adaçayı, boyaqotu, kəndir və s.

Rəng verən texniki bitkilər:

Həna (xına), basma (indiqofera), zəfəran və s. 

Tərkibində aşılayıcı maddələr olan bitkilər:

Mayaotu (xmel), sumaq, sarağan və s.           

Yemlik texniki bitkilər:

Amarant, topinambur (yerarmudu) və s.

Aşağıdakı pambıq toxumlarını gubre.az-dan sifariş edə bilərsiniz:

Texniki Bitkilərin Əhəmiyyəti

Müxtəlif sektorların inkişafına verdiyi töhfələr fonunda texniki bitkilərin hər birinin özünəməxsus üstünlükləri, faydalı tərəfləri vardır. Gəlin, onlara nəzər salaq.

1. Kənd təsərrüfatının inkişafını təmin edir

Texniki bitkilərin becərilməsi fermerlərə kənd təsərrüfatı təcrübələrini genişləndirməyə, yeniliklər tətbiq etməyə imkan verir. Beləliklə, tək bir məhsula olan asılılığı aradan qaldıraraq, kənd təsərrüfatı sektorunun çoxşaxəli inkişafına nail olunur.

2. İqtisadiyyatın inkişafını təmin edir

Texniki bitkilər müxtəlif sənaye sahələri üçün xammal mənbəyi rolunu oynayaraq, ilkin mənada fermerlərin daha sonra isə ölkə iqtisadiyyatının gəlir qazanmasına əhəmiyyətli töhfə verir.

Ətraf mühitə faydaları yüksəkdir

Texniki bitkilərin bir çoxu bioenerji istehsalında, qalıq yanacaqlar üçün bərpa olunan və daha üstün səviyyəli alternativlərin tətbiqində böyük rol oynayır.

Sənaye sahələrinə yeni inkişaf toxumları səpir

Texniki bitkilər bio-əsaslı plastiklərdən tutmuş bərpa olunan enerji mənbələrinə qədər innovativ məhsul və texnologiyaların inkişafı üçün vacibdir.

Azərbaycanda yetişdirilən texniki bitki növləri

Ölkəmizin iqlim şəraiti, həmçinin, kənd təsərrüfatı sahələrinin əlverişliliyi, sektor üzrə tətbiq olunan yeniliklər müxtəlif texniki bitkilərin yetişdirilməsinə münbit şərait yaradır. Ölkəmizdə geniş şəkildə yetişdirilən texniki bitki növləri arasında pambıq öz liderliyini qoruyur. Növbəti yerlərdə tütün, şəkər çuğunduru, günəbaxan,  biyan, efir yağlı qızılgül və s. gəlir. Müxtəlif texniki bitki növünün özündən və ondan əldə olunan məhsullara demək olar ki, bütün sənaye sektorlarının tətbiq sahələrində rast gəlmək mümkündür. Gəlin, onlara birgə nəzər salaq.

Pambıqdan əldə olunan məhsullar

Mahlıc, lint, müxtəlif saplar, iplik, fibra, sellofan, qaytan, sellüloz, kağız, lif, çiyid, asetilselloz, süni ipək, asetat ipəyi, süni fetr (ən zərif keçə), sınmayan şüşə, linoleum, yanğın şlanqı, süni dəri, izoləedici lent, karton, jmıx, nüvə (rüşeym), çiyid qabığı, kapron, neylon, “E” vitamini, fitin, süni kauçuk, kolloid maddə, partlayıcı maddə, təyyarə üçün lak, foto lenti, əlif yağı, steorin, qliserin, çiyid yağı, sabun və s.

Tütündən əldə olunan məhsullar:

Papiros, siqar və qəlyan tütünü

Şəkər çuğundurundan əldə olunan məhsullar:

Şəkər, yarpaqlar, cecə və ya puçal, patka

Günəbaxandan əldə olunan məhsullar:

Lak-boyaq, sabunbişirmə, gön-dəri aşılama, ətriyyat, toxuculuq məhsulları, yem məhsulları və s.

Texniki Bitki Toxumlarının Satışı


Texniki bitkilərin yetişdirilməsi zamanı torpaq analizinin aparılması, ərazinin hamarlanması, təmizlənməsi, gübrə tətbiqi və s. kimi lazımi işlərin görülməsindən sonra, vacib nüanslardan biri ilkin növbədə yüksək keyfiyyətli toxumların əldə olunmasıdır. Fermerlər ölkəmizin müxtəlif bölgələrində 200-dən çox satış nöqtəsi ilə təmsil olunan gubre.az aqrar ticarət şəbəkəsinə yaxınlaşaraq, yüksək keyfiyyətli, məhsuldar, xəstəliklərə qarşı davamlı texniki bitki toxumlarını əldə edə bilər. Eyni zamanda təsərrüfat sahibləri 828 qısa nömrəsi ilə əlaqə saxlayaraq və ya gubre.az saytına və sosial media hesablarına (Instagram, Facebook, LinkedIn) daxil olaraq, sifarişlərini həyata keçirə bilər. Subsidiyalı satış imkanlarından yararlanaraq və ya fermer kartı ilə müvafiq bitki toxumlarını, həmçinin, bitki qoruma və bəsləmə vasitələrini əldə etmək mümkündür.