Miqren ağrılarının azalmasına kömək edə bilən sadə və əlçatan məhsul barədə məlumat yayılıb. Foodinfo.az Sports.kz-ya istinadla xəbər verir ki, zəncəfil təkcə məşhur ədviyyə deyil, eyni zamanda miqren xəstəliyindən əziyyət çəkən insanlar üçün faydalı ola biləcək təbii vasitə hesab olunur.

Məlumata görə, zəncəfilin iltihabəleyhinə və ağrıkəsici xüsusiyyətləri baş ağrısının şiddətinin azalmasına yardım edə bilər. Bu barədə RBK-Ukrayna “Verywell health” saytına istinadla məlumat yayıb.

Miqren xroniki sinir sistemi xəstəliyi sayılır və güclü, təkrarlanan baş ağrıları ilə müşayiət olunur. Bu zaman ağrı adətən döyüntülü xarakter daşıyır, orta və ya yüksək şiddətli olur və çox vaxt başın bir tərəfində hiss edilir. Mürəkkəb hallarda ürəkbulanma, qusma, işığa və qoxulara qarşı həssaslıq da müşahidə olunur.

“Elmi araşdırmalara görə, zəncəfilin tərkibində olan təbii maddələr iltihabı azaldan və ağrını yüngülləşdirən təsirə malikdir. “Molecules” elmi jurnalında dərc olunan məlumatda bildirilir ki, zəncəfildəki aktiv birləşmələr bəzi ağrıkəsici dərmanlara bənzər təsir göstərsə də, mədə üçün daha az narahatlıq yaradır.

Araşdırmalar göstərib ki, zəncəfil qəbul edən miqren xəstələrində ağrı hissi əhəmiyyətli dərəcədə azalıb və ümumi vəziyyət yaxşılaşıb. Bundan əlavə, zəncəfil miqren zamanı tez-tez rast gəlinən ürəkbulanma və qusma hallarının azalmasına da kömək edir.

Mütəxəssislər bildirirlər ki, zəncəfil mədə-bağırsaq sisteminə təsir edən sinir yollarına təsir göstərərək ürəkbulanmanı zəiflədə bilər. Eyni zamanda, stres və gərginlik zamanı zəncəfilin sakitləşdirici təsiri də qeyd olunur. Xüsusilə ilıq zəncəfil çayı bədənin rahatlamasına və gərginliyin azalmasına yardım edir.

Bununla belə, zəncəfil hər kəs üçün eyni dərəcədə uyğun olmaya bilər. Həssas insanlarda mədə yanması və qıcıqlanma yarada bilər. Mədə yarası, öd daşı problemi olanlar və qan durulaşdırıcı dərman qəbul edən şəxslər ehtiyatlı olmalıdır.

Mütəxəssislər vurğulayırlar ki, zəncəfil müalicəni əvəz etmir və miqrenin ağır formalarında həkim məsləhəti mütləqdir. Ümumilikdə isə gündəlik zəncəfil qəbulu 3–4 qramdan artıq olmamalıdır.