Hər zaman olduğu Novruz bayramı günlərində süfrələrdə şəkərbura, paxlava, qoğal, o cümlədən müxtəlif cür bol kalorili şirniyyatlar, plov, ət qovurması və sairə yeməklər düzülür. Beləliklə, birdən-birə orqanizmimizi yükləyəcəyik. Bu da artıq çəkiyə, bəzən də müəyyən fəsadlara gətirib çıxarır.
Bəs bu günlərdə necə qidalanmalı, kimlər xüsusilə bu günlərdə daha diqqətli olmalıdırlar?
Mövzu ilə bağlı dietoloq Leyla Zülfüqarlı öncə bunları dedi: “Novruz bizim milli bayramımız, adət-ənənəmiz, dəyərimizdir. Mən bu bayramı daha çox şirniyyat bayramı kimi xarakterizə edirəm. Çünki qısa müddət kəsiyində orqanizmində çox böyük şəkər yüklənməsi baş verir. Qeyd edim ki, bu, həm kiçik, həm də böyük insanların orqanizminə aiddir. Təsəvvür edin, bir şəkərburanın kalorisi 600-650 civarındadır. Adicə şorqoğalının tərkibində şəkər olmasa da, kalorisi var, çünki xüsusi qat-qat xəmirdən və yağlardan hazırlanır. Paxlavaların isə bəzən kalorisi 800-ə qədər ola bilir.
Doğrudur, bu şirniyyatlar çox kiçik həcmlidir və insanlar onlardan çay içmək üçün istifadə edir. Amma hər birində qeyd etdiyimiz kimi bu qədər kalori olan qidalar orqanizm üçün böyük təzyiq, yüklənmədir. Bunun üçün də hər zaman tövsiyə etmişəm ki, qəbul edilən qidaların ölçüsünə diqqət edilməlidir. Bu məsələyə xüsusən də bayram günlərində diqqət etmək lazımdır. İnsanlar bəzən düşünür ki, bayram günlərində 1-2 kq artıq çəki alsalar da, sonradan əvvəlki çəkilərini bərpa edə biləcəklər. Lakin bu problem deyil, artıq çəkidən hansısa şəkildə azad olmaq olur. Lakin yüksək kalori şəkərin birdən-birə orqanizmə daxil olması aruzolunan hal deyil. Beləliklə bayram ərəfəsində orqanizmimizə daha çox proteinlər deyil, karbohidratlar daxil edirik".
Dietoloq mövzu ilə bağlı öz tövsiyələrini də bildirdi: “Əgər bir gün ərzində bayram süfrəmizi hazırlayırıqsa, süfrənin üzərindəkilərə diqqət edəcəyik. Ən kalorili yeməkləri eyni gündə orqanizmimizə daxil etməyək. Məsələn, eyni zamanda həm plov, həm də şirniyyatları qəbul etmək olmaz. Onların hamısını eyni gündə dadmayaq. Unutmayaq ki, bayram bir gün deyil, 7 günə qədər uzadılıb. Deməki, qarşıda bir neçə günümüz olacaq. Əgər bir gündə şəkərbura qəbul etdiksə, digər gün paxlavaya vaxt ayıra bilərik. Eyni gündə həm şəkərbura, həm paxlava qəbul etmək yüklənmə yaradır. Əgər həmin gün yeməyimizə plov daxil etmişiksə, o zaman şirniyyatlardan istifadə edilməsin. Şirniyyatlardan istifadə edəcəyimiz gün yalnız ət qidalarını qəbul etməliyik. Məsələn, kabablardan, yağ əlavə edilmədən bişirilən ətlərdən qəbul edə bilərik. Günün sonunda isə bütün ağır yeməkləri neytrallaşdırma gücünə malik olan qatıqdan istifadə tövsiyə edilir. Qatığın içinə bir çimdik zəncəfil əlavə edib istifadə etmək olar. İnsanlar bu tövsiyələrə riayət etsə, şəkər yüklənməsindən azad ola bilər”. (Musavat.com)