Mayın 12-nə olan məlumata görə, dünyada uşaqlar arasında mənşəyi məlum olmayan hepatit virusuna 348 yoluxma qeydə alınıb. Foodinfo.az “Komsomolskaya pravda”ya istinadən xəbər verir ki, bu ümumi yoluxma halının 160-ı Böyük Britaniyada aşkar olunub. Həkimlərin sözlərinə görə, 1 aylıqdan 16 yaşına qədər uşaqlarda qeydə alınan qaraciyər çatışmazlığı hərarətsiz baş verir. Bir çox hallarda sarılıq, eləcə də mədə-bağırsaq xəstəlikləri simptomları, o cümlədən qarın ağrısı, ishal və qusma müşahidə olunur. Bəzi hallarda isə, hətta qaraciyər transplantasiyası tələb olunur. ÜST uşaqlar arasında yayılan bu xəstəliyi mənşəyi məlum olmayan hepatit adlandırıb. Bununla belə, araşdırılan halların heç birində kəskin hepatitə (A, B, C, D və E) səbəb olan ümumi viruslar aşkar edilməyib. Hələlik mütəxəssislər sözügedən xəstəliyin mənşəyi ilə bağlı iki versiya irəli sürürlər. Belə ki, onların fikrincə, hepatitin yaranmasına səbəb koronavirus və ya adenovirus infeksiyası ola bilər. Ekspertlər hazırda hər iki versiya istiqamətində araşdırmaları davam etdirirlər. Bununla yanaşı, xəstəliyin aşkar olunduğu ölkələrdə də araşdırmalar aparılır. Qeyd edək ki, uşaqlar arasında mənşəyi məlum olmayan hepatit barədə ilk məlumat aprel ayının əvvəlində yayılıb. Bu zaman bu barədə məlumatı Şotlandiya həkimləri yayıb. Yoluxma halları İsveç, İndoneziya və 20 digər ölkədə qeydə alınıb. Bununla yanaşı, mayın 12-si Moldovada sözügedən xəstəliyə ilk yoluxma halı qeydə alınıb.