Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Foodinfo.az xəbər verir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, İspaniya Krallığının Andalusiya və Kastiliya–La Mança muxtar icmalarında xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Norveç Krallığının Roqaland inzibati ərazi vahidində Nyukasl, Əlcəzair Xalq Demokratik Respublikasının Medea əyalətində və İtaliya Respublikasının Veneto regionunda isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, İspaniya Krallığının Andalusiya və Kastiliya–La Mança muxtar icmalarından diri xırdabuynuzlu heyvanlar, onlara aid məhsullar və xammalın, o cümlədən genetik materialların, Norveç Krallığının Roqaland inzibati ərazi vahidindən, Əlcəzair Xalq Demokratik Respublikasının Medea əyalətindən və İtaliya Respublikasının Veneto regionundan diri quş və inkubasiya yumurtalarının, quş əti və hər növ quşçuluq məhsulları, quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına və ölkə ərazisindən tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan ərazilərdən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Son xəbərlər
- Sumaqlı su bakteriyaların yayılmasının qarşısını alır
- Ürəyində problem olanlar nə üçün qəhvədən imtina etməlidirlər?
- Hansı göyərtilər daha çox faydalıdır?
- Yemək zamanı qəhvə və çay içmək olarmı?
- Bu qida ürək və qan damarlarının optimal işləməsinə kömək edir
- Yeməyi soyuducuda necə düzgün saxlamaq olar?