Son illər aparılan araşdırmalar gündəlik qidalanmada duz və şəkərin həddindən artıq istifadəsinin sağlamlıq üçün ciddi risklər yaratdığını göstərir. 

Foodinfo.az xəbər verir ki, bu iki məhsulun normadan artıq qəbulu bir çox xroniki xəstəliklərin yaranmasına zəmin hazırlaya bilər.

Şəkərin çox istifadəsi qan şəkərinin sürətlə yüksəlməsinə səbəb olur. Bu vəziyyət zamanla insulin müqavimətinin formalaşmasına və 2-ci tip diabet riskinin artmasına gətirib çıxarır.

Eyni zamanda şəkərli qidalar artıq çəki və piylənmə problemini də gücləndirir. Qısa müddətli enerji versə də, sonradan halsızlıq və yorğunluq hissi yaradır.

Duzun həddindən artıq qəbulunun da təhlükəli olduğu vurğulanır. Artıq duz arterial təzyiqin yüksəlməsinə, ürək-damar xəstəlikləri riskinin artmasına və böyrəklərə əlavə yük düşməsinə səbəb olur. 

Bundan başqa, orqanizmdə maye toplanması və şişkinlik halları da müşahidə olunur.

Əsas təhlükə təkcə süfrəyə əlavə edilən duz və şəkərdən deyil, həm də gizli mənbələrdən gəlir. Qazlı içkilər, hazır souslar, kolbasa məhsulları və paketlənmiş qidalar yüksək miqdarda duz və şəkər ehtiva edir.

Balanslı qidalanmaq, təbii məhsullara üstünlük vermək və gündəlik istehlak miqdarına nəzarət etmək tövsiyə edilir. Sağlam həyat tərzi üçün duz və şəkərin azaldılması vacib addımlardan biri hesab olunur.