Könül Cəfərli ilə “Peşəkar həkim” layihəsinin növbəti qonağı Türkiyədə ixtisaslaşmış allerqoloq dr. Gülnar Quliyevadır. Müsahibimiz allergik xəstəliklərdən biri - bronxial astma haqqında suallarımızı cavablandırıb. Foodinfo.az “Qafqazinfo”-ya istinadən müsahibəni təqdim edir: Arayış: Peşəkar allerqoloq Gülnar Quliyeva 2008-ci ildən həkim kimi fəaliyyət göstərir. 2018-ci ildə Türkiyə Respublikasının Ankara Universitetində allergiya və immunologiya, eləcə də ağciyər xəstəlikləri bölməsində ixtisaslaşma kursu keçib. Allergiya və ağciyər xəstəlikləri ilə bağlı bir çox yerli və beynəlxalq konfranslarda iştirak edib. O, Avropa Allerqoloqlar və İmmunoloqlar Cəmiyyətinin (EAACİ) üzvüdür. Allerqoloq Gülnar Quliyeva uşaqlarda və böyüklərdə allergik rinit, bronxial astma, dərman-qida-böcək allergiyası, kəskin və xroniki övrə xəstəliyi, atopik dermatit və ixtisası üzrə digər xəstəlikləri beynəlxalq protokollar əsasında peşəkarlıqla müalicə edir. Həmçinin dəri testi ilə allergiyanın 15 dəqiqəyə təyini və tənəffüs testi (spirometriya) kimi prosedurları da icra edir. - Bronxial astma nədir və hansı səbəblərdən yaranır? - Bronxial astma genetik yolla nəsildən-nəsilə ötürülən və müxtəlif xarici faktorların təsiri altında ortaya çıxan xroniki, allergik xəstəlikdir. - Hansı yaş qruplarında daha sıx rast gəlinir? - Bu xəstəliyin yaşı yoxdur. Bronxial astma istənilən yaşda üzə çıxa bilər. Lakin böyüklərə nisbətən uşaqlarda iki dəfə daha çox rast gəlinir. Bütün dünyada olduğu kimi, ölkəmizdə də allergik xəstəliklər sürətlə artmaqdadır. Bu insanların həyat tərzinin dəyişməsi, “fast food” qidalarının artması, hava çirkliliyi kimi genlərə təsir edən halların çoxalması ilə bağlıdır. Astmanın üzə çıxmasında xarici faktorların mühüm rolu var. - Bunlar hansı faktorlardır? - Bura erkən uşaqlıq dövründə ardıcıl keçirilən infeksiyalar, antibiotik və ağrıkəsici dərmanların uzunmüddətli qəbulu, stres faktoru, hava çirkliliyi, siqaret də daxil olmaqla digər zərərli vərdişlər, hərəkətsizlik, piylənmə, kimyəvi məhsulların həyatımıza çox daxil olması kimi səbəblər daxildir. - Yəni genetikasında bu xəstəlik olmayan şəxsdə heç vaxt bronxial astma yarana bilməz? - Astma xəstəliyi irsi meyilliyi olan insanlarda daha çox rast gəlinir. Valideynlərdən biri allergikdirsə, üç uşaqdan birində, hər iki valideyndə allergiya varsa, üç uşaqdan ikisində yarana bilər. Daha çox genetika ilə bağlı olduğundan genetik xəstəlik sayılır. Lakin bu o demək deyil ki, genetikasında bronxial astma olmayan şəxsdə bu xəstəlik heç vaxt yarana bilməz. Digər insanlarda da xarici faktorların təsiri ilə üzə çıxması mümkündür. Məsələn, tənəffüs yollarının kimyəvi maddə və tozlara, buxarlara məruz qalması, siqaret çəkmək, keçirilən infeksiyalar tənəffüs yollarının ifrat  həssaslığına və nəticədə astma xəstəliyinin yaranmasına səbəb ola bilər. - Öskürək müxtəlif səbəblərdən yarana bilər. Astma öskürəyinin hansı fərqi var? - Bronxial astmanın əsas əlamətlərindən biri öskürəkdir. Bəzi pasiyentlərdə əsas simptom boğulma, astma tutması deyil, sırf öskürəkdir. Buna öskürək variantlı bronxial astma deyirik. Bəzən xəstə aylarla öskürəkdən əziyyət çəkir, amma astma olduğunu bilmir. Uzun müddət antibiotik, bitki tərkibli çaylar içir, lakin öskürəyi allergik mənşəli olduğundan nəticə vermir. Bizə qalaq-qalaq reseptlərlə müraciət edən pasiyentlər olur. Aldıqları müalicə yanlış olduğundan illərlə sağala bilməyiblər. - Astma öskürəyinin hansı əlamətləri olur? - Astma öskürəyi quru öskürəkdir. Ya bəlğəm olmur, ya da öskürək tutmasının sonunda xəstə qatı, yapışqan şəkilli bəlğəm ifraz edir. Öskürək daha çox gecə saatlarında və ya səhərə yaxın yaranır, xəstəni yuxudan oyadır. Parfüm, sprey, tozun təsiri ilə daha da şiddətlənir. Astmalı insanlar qrip, zökəm, soyuqdəyməni daha ağır keçirirlər. Çünki tənəffüs yollarında onsuz da allergiyadan yaranmış bir iltihab var. Virusa yoluxduğunuz zaman iki qat zədələnmə baş verir. Odur ki, sağalma müddəti uzun çəkir. Astma öskürəyinin bir xüsusiyyəti də fiziki aktivlik zamanı ağırlaşmasıdır. Məsələn, pilləkənləri çıxanda, qaçanda, güləndə, ağlayanda öskürək daha da kəskinləşir. Çünki sakit vaxtlarımızda nəfəs aldığımız zaman hava rütubətlənərək burun yollarından ağciyərimizə keçir. Ancaq fiziki aktivlik zamanı tez-tez nəfəs almalı oluruq. Bu halda tənəffüs yolları quruyur və əgər allergik fon da varsa, öskürək şiddətlənir. Unutmayaq ki, astmanı yalnız və yalnız allergiya əleyhinə dərmanlarla sağaltmaq olur. Digər dərmanların, o cümlədən antibiotiklərin, öskürək əleyhinə dərmanların, bəlğəmgətirici, bitki tərkibli siropların heç bir effekti olmur, əksinə, xəstəliyi daha da ağırlaşdırır. - Bəzən valideynlər övladının astma olduğunu bilmir, özbaşına aptekdən öskürək əleyhinə dərmanlar alırlar. Bunun hansı fəsadları var? - Heç bir effekti olmur, əksinə, xəstəliyi daha da ağırlaşdırır. Astma xəstəliyi zamanı immun sistemi hava ilə tənəffüs yollarına daxil olan ev tozu, kif göbələyi, bitki tozcuqları və s. maddələrə qarşı savaş açır və nəticədə bronxların selikli qışası allergiyadan iltihablanır, ödəm yaranır. Beləcə tənəffüs yolları daralır. Bu cür xəstələr həkim göstərişi olmadan bəlğəmgətirici, bitki tərkibli dərmanlar qəbul etdikdə bəlğəm ifrazı artır. Təsəvvür edin, dar bronx və bol bəlğəm. Bu vəziyyəti daha da ağırlaşdırır. Hətta bəzən boğulma və astma tutmasına da səbəb olur. Odur ki, əgər uşaqda 8 həftədən çox davam edən öskürək varsa, qrip, soyuqdəymə zamanı sinədə xırıltı, xışıltı yaranırsa, hərəkət edəndə öskürəyi artır və tez yorulursa, allerqoloqa müraciət etmək lazımdır. Adətən, belə pasiyentlərimizdə yanaşı allergik rinit xəstəliyinə xas əlamətlər də olur. Məsələn, burunla tənəffüsün pozulması, xüsusilə səhər oyandıqda asqırma, burundan selik ifrazı, burunda, gözdə qaşınma və s. - Bronxial astmanın müalicəsi haqqında məlumat verərdiniz. - Astma düzgün müalicə ilə çox asanlıqla nəzarət altına alınan xəstəlikdir. Yəni müasir dərmanların köməyi ilə bronxial astma olan bir xəstə tam sağlam insan kimi yaşaya bilər. Ağırlaşmış vəziyyətdə müraciət etmiş, bu gün isə tam sağlam halda həyatına davam edən çoxsaylı pasiyentlərim var. Nə öskürürlər, nə də təngnəfəslik və boğulma baş verir. - Yəni astma tam sağalır... Bəs sağalmış şəxsdə yenidən təkrarlana bilərmi? - Təəssüf ki, bəli. Bu, allergiyaya bağlı xəstəlikdir, allergiya isə orqanizmin genetik xüsusiyyətidir. Hələ ki müasir tibbdə allergiyanı genetik səviyyədə aradan qaldırmaq mümkün deyil. Odur ki, astmanın birdəfəlik, bir kursluq müalicəsi yoxdur. Bu xəstəliyin kəskinləşmə və remissiya, yəni sakitləşmə dövrü var. Biz beynəlxalq protokollar, düzgün müalicə ilə pasiyenti sağalda, uzunmüddətli remissiya əldə edə bilirik. Lakin əgər həyat tərzinə diqqət etməz, allergik təsirlərə uzun müddət məruz qalarsa, yenidən astma aktivləşə bilər. Əksinə, həkimin tövsiyələrinə əməl edərsə, bu xəstəlik təkrarlanmaya bilər. Hazırda etdiyim müalicə ilə astmadan sağalmış və 10-12 ildir heç bir şikayəti olmadan yaşayan pasiyentlərim var. - Uşaqlarda sağalma prosesi fərqlidirmi? - Bəli. Böyüklərə nisbətən azyaşlılarda daha çox effekt almaq olur. Məsələn, astmalı uşaqlar düzgün müalicə olunarsa, 90 faizi yetkinlik yaşına qədər sağala bilər. - Astmadan sağalmış insan bu xəstəliyin təkrarlanmaması üçün nəyə diqqət etməlidir? - Sağlam həyat tərzinə diqqət etməli, bədən çəkisinin normada olmasına çalışmalı, stresdən uzaqda durmalı, siqaret çəkməməli, hər hansı yanaşı xəstəliyi varsa, həmin xəstəliyə görə müalicə almalı, özünü allergen maddələrdən qorumalıdır. Çünki stres, təşviş və sinir sisteminin pozulması kimi hallar astmanın yenidən yaranmasına səbəb ola bilər. Əgər kimsə peşəsi ilə bağlı kimyəvi məhlullara məruz qalır, yaxud da tozlu bir məkanda çalışırsa, qoruyucu maskalardan istifadə etməli, otağın havasını tez-tez dəyişməli, özünü maksimum qorumağa çalışmalıdır. Yüngül bronxial astmalı xəstələr altı, orta ağırlıqlı olanlar üç aydan bir həkim müayinəsindən keçməlidir. Ağır astma xəstələri isə ayda bir dəfə qəbulumuzda olmalıdır. Xəstəliyin dərəcəsinə uyğun dərman növü və doza təyin edirik. Pasiyent həkim nəzarətində olmalıdır ki, doğru müalicə taktikasını seçək. Çünki yalnız düzgün müalicə və nizamlı həkim nəzarəti ilə bronxial astma xəstələri sağala bilir. Qeyd: Dr. Gülnar Quliyeva peşəkar allerqoloq, astma və allergiya həkimi, ixtisası üzrə yüksək dərəcəli mütəxəssisdir. Maraqlananlar həkimlə 055-609-25-59 mobil nömrəsi vasitəsilə və allerqoloq.gulnar.quliyeva" instaqram hesabı ilə əlaqə saxlaya bilərlər.