Azərbaycanda Novruz Bayramı münasibətilə 9 günlük tətil elan edilsə də, əhalinin byöük hissəsi Bayramlarda səyahətə getməyib. Foodinfo.az xəbər verir ki, bu Media Təhlil Mərkəzinin (MTM) Novruz bayramı ilə bağlı vətəndaşların fikirlərini öyrənmək məqsədilə keçirdiyi sorğuda məlum olub. 811 nəfər arasında keçirilən sorğu iştirakçılarının 56%-ni qadınlar, 44%-ni kişilər təşkil edib. Rəyi soruşulanların 83%-i bayram günləri heç bir yerə səyahət etmədən, evdə keçirəcəklərini bildirib. Cavab verənlərin 10%-i 10% bölgələrə səyahət etməyi planlaşdırır, xaricə səyahətə gedənlərin cəmi 2% təşkil edib, 5% isə qeyri-iş günləri ilə bağlı fərqli planlar qurub. «Novruz bayramının hansı adət-ənənələrini (ailənizlə) yerinə yetirəcəksiniz?” sualına cavablandırarkən (bir neçə variant seçmək imkanı ilə) nəticələr aşağıdakı kimi olub: Süfrə bəzəmək – 65%; Bayram şirniyyatları bişirmək – 52%; Tonqaldan tullanmaq – 46%; Papaq atmaq – 21%; Qonaq getmək, qəbul etmək – 23%; Digər – 6%. Başqa sözlə papaq atmaq və ya qonaq getmək kimi adətlərə rəyi soruşulan hər 5 nəfərdən yalnız biri maraq göstərib. Respondentlər sorğu vasitəsilə Novruz bayramında hansı tədbirlərin təşkil olunması ilə bağlı təkliflərini də bildiriblər. Belə ki, cavab verənlərin 37%-i bayramla əlaqədar xeyriyyə yarmarkalarının təşkil edilməsini, 23%-i azad olunmuş ərazilərdə bayram tonqallarının yandırılmasını, 15%-i uşaqlar üçün bayram şənliklərinin, 13%-i isə parklarda konsert proqramlarının keçirilməsini məqbul sayıb. Sorğu iştirakçılarının 12%-nin bayram istəkləri fərqli olub.