Alıcılar bəzən aldığı məhsulun dəyərini kassada ödəyərkən gözlənilməz halla qarşılaşırlar. Eyni məhsulun qiyməti piştaxta ilə kassada fərqli olur. Alıcılar deyir ki, maraqlı odur ki, kassada qoyulan qiymət heç vaxt piştaxtada olan qiymətdən aşağı olmur. Fikirli olan və ya evinə çoxlu bazarlıq edən alıcı bu qiymət fərqinə fikir vermədiyindən artıq aldadılmış olur. Bəs bu cür hallarla qarşılaşmamaq üçün istehlakçı nələrə diqqət etməlidir? Məhsul üzərində nələr mütləq öz əksini tapmalıdır?  Foodinfo.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti barəsində istehlakçıya düzgün məlumat verməlidir. Tələblərə əsasən satışda olan bütün malların üzərində malın adı, növü və qiyməti göstərilməklə, dəqiq tərtib edilmiş qiymət kağızı, qiymət kağızının arxa tərəfində isə onun doldurulma tarixi olmalıdır. Məhsulun satış qiyməti isə məhz üzərində (piştaxta və ya vitrinlərdə) göstərilən qiymət olduğundan istehlakçılarla hesablaşmalar həmin qiymətə uyğun aparılmalıdır. Ödəniş edərkən istehlakçıdan məhsulun üzərində göstərilən qiymətdən fərqli qiymətlə ödənişin tələb edilməsi istehlakçıların hüquqlarının pozulması, yəni malın (xidmətin) hesabına dair istehlakçıların aldadılması hesab olunur. Bu cür halların qarşısının alınması üçün inzibati tədbirlər də istisna deyil. Belə ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Dövlət Xidmətindən bildirilib ki, bu sahədə daxil olan müraciətlərlə əlaqədar araşdırmalar aparılır və müraciətdə yetərli faktlar olduğu halda, qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülür. Cari ildə hesabda aldadılma ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş vətəndaş müraciətlərinin araşdırılması zamanı 9 halda vətəndaşlar tərəfindən təqdim edilən sübutlar əsasında onların hesabda aldadılması faktı müəyyən edilib və pozuntuya yol vermiş sahibkarlar barəsində inzibati xəta haqqında protokol tərtib edilib. 6 hüquqi şəxs barəsində tərtib edilmiş protokol hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib, 3 vəzifəli şəxs isə Dövlət Xidməti tərəfindən inzibati qaydada 1500 manat cərimə olunub. Dövlət Xidmətindən verilən məlumata görə, istehlakçılar malların üzərində göstərilən qiymətdən fərqli qiymətə satılması halları ilə rastlaşdıqda 195-1 Çağrı Mərkəzi, elektron poçt ([email protected]) və rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) vasitəsilə Dövlət Xidmətinə müraciət edə bilərlər.