Fırça və diş məcunu hər bir pasiyentə fərdi şəkildə həkim tərəfindən təyin olunmalıdır. Çünki hər kəsin fərdi diş quruluşu və diş əti var. Bunların həkim tərəfindən təyin olunmağı məsləhət görülür. İnsanlar çox zaman market və satışdan fırçanı, diş məcununu özü seçir, gözünə xoş gələni alır.
Foodinfo.az xəbər verir ki, bu fikirləri həkim stomatoloq Ramil Yusubov "medicina.az"-a açıqlamasında bildirib.
“Bəzi pasiyentlərdə dişin emalı normal, qalın, bəzilərində isə həssas, incə və zədəli olur. Fikir versəz, istehsalçılar diş fırçasını 3 müxtəıif formada buraxır: yumşaq, orta və sərt.
Məsələn, sərt fırça ilə yuduqda diş əti geri çəkilə bilər, emal qatında aşılanma gedə bilər. Amma bəzi pasiyentlərə əksinə daha sərt fırça lazımdır ki, diş daşları qalmasın.
Pasiyentlərdə diqqət etdiyim digər problem dişlərin düzgün fırçalanmamasıdır. Normal diş fırçalama müddəti 3- 5 dəqiqə olmalıdır. Bu 5 dəqiqə ərzində dişin bütün səthləri ön hissə, dil üstü, çökək səthlər hamısı fırçalanmalıdır. Lakin çoxları yalnız ön bölgəni təmizləyir, digər bölgələrə isə vaxt sərf etmək istəmirlər. Nəticədə dişlərin üzərində kariyes, çürük əmələ gəlir və diş daşları yığılır.”
Həkim insanları ən çox narahat edən diş daşları ilə mübarizəyə də toxunub:
“Diş daşlarının yığılmasını ən çox aşağı ön dişlərdə müşahidə edirik. Bunun nəticəsində də diş əti xəstəlikləri yaranır. Diş əti xəstəliklərindən ilk növbədə gingivit çox yayılıb.
Məhz bu xəstəlik diş ətində diş daşlarının yığılması nəticəsində meydana gəlir. Beləliklə, diş əti qızarır, şişkinləşir və toxunduqda qanaxma baş verir. Pasiyentlərin ən çox şikayətlərindən biri fırçalama zamanı dişin qanamasıdır.
Müayinə zamanı diş daşları varsa, həkim tərəfindən təmizlənməlidir. Bunu pasiyentin özünün təmizləməsi mümkün deyil. Çünki diş daşları sərt olur. Nə qədər sərt fırça seçilsə belə təmizlənməsi çətindir. Ağız gigiyenası üçün diş məcunu seçimi də vacibdir. Bəzi diş məcunlarının içərisində mina aşılayıcı maddələr var ki, bunlar diş daşlarının yaranmasının qarşısını alır. Yenə təbii ki, həkim tərəfindən ağız boşluğu müayinə olunmalıdır. Ağız boşluğunda diş daşlarının yaranması maddələr mübadiləsi və ya digər səbəblərdən yaranırsa, həkimin ona aşılayıcı tərkibli ağardıcı məcun təyin etməyi daha məsləhətdir.
Mina qatı zəif olan pasiyentlərdə diş daşlarının yaranması daha az olur. Onlara diş ağardıcı, mina aşılayıcı diş pastalarından istifadə etmək məsləhət deyil. Çünki dişlər həssaslaşır və gələcəkdə dişlərin isti-soyuqdan ağrıma halları baş verə bilər. Bu halda biz pasiyentə ftor tərkibli pastalar məsləhət görürük. Ağız boşluğunun gigiyenası üçün ağız yaxalayıcılardan da istifadə olunmalıdır.
Tərkibində xlorheksidin olan ağız yaxalayıcıları var ki, ağız boşluğundakı patogen mikrofloranı məhv edir. Bunun nəticəsində ağız boşluğunda yaranan pis qoxuların, diş daşlarının, diş əti xəstəliklərinin və digər problemlərin yaranmasının qarşısını alır. Diş ətinin sağalmasını sürətləndirir və ya proses gedirsə qarşısını almağa kömək edir".