Gəncə şəhər Baş Polis İdarəsinin və tabeli qurumlarının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində may ayının 1-də şəhər ərazisində 4 fərdi yaşayış evindən oğurluq edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Foodinfo.az-a verilən məlumata görə aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, 25 yaşlı Vüsal Qasımov yaşadığı küçədə, 4 fərdi yaşayış evinin pəncərəsindən daxil olaraq, ümumilikdə 5900 ABŞ dolları, 11000 rus rublu, 5000 manat nağd pul, 3000 ABŞ dolları dəyərində qızıl qolbaq, 1 ədəd 1800 manat dəyərində televizor, hər birinin dəyəri 500 manat olan 2 ədəd qol saatı, 1 ədəd 250 manat dəyərində ütü və dəyəri 300 manat olan 1 ədəd yataq dəsti örütüyünü oğurlayıb. Bundan başqa polis əməkdaşları V.Qasımovun şəhər ərazisindən daha 2 fərdi yaşayış evindən spirtli içkilər və məişət əşyalarını oğurlamasını müəyyən edib. BPİ-nin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində baş verən daha bir oğurluq hadisəsini törədən şəxsin kimliyi müəyyən edilib. Belə ki, mayın 5-də şəhər sakininə məxsus mənzilə gizli yolla daxil olaraq oradan 800 manat dəyərində televizoru oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Həsənov maddi sübutla birlikdə saxlanılıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.   Namiq Musayev