Gicitkən qədim dövrlərdən bəri həm qida, həm də müalicəvi məqsədlərlə istifadə olunan faydalı bitkilərdən biridir. Onun tərkibində vitaminlər, minerallar və antioksidant maddələr olduğu qeyd olunur.
Foodinfo.az xəbər verir ki, gicitkən qanı təmizləməyə kömək edir və xüsusilə dəmir tərkibli olduğu üçün qanazlığı olan insanlara dəstək olur. Eyni zamanda orqanizmdə yığılan toksinlərin xaric olunmasına da müsbət təsir göstərir.
Gicitkən immun sistemini gücləndirir və orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır. Soyuqdəymə və mövsümi xəstəliklər zamanı dəstəkləyici vasitə kimi istifadə oluna bilər.
Bununla yanaşı, gicitkənin sidikqovucu təsiri olduğu da qeyd edilir. O, böyrəklərin fəaliyyətini dəstəkləyir, bədəndə artıq mayenin çıxarılmasına kömək edir və şişkinliyin azalmasına təsir göstərir.
Ekspertlər həmçinin gicitkənin saç və dəri sağlamlığı üçün də faydalı olduğunu bildirir. Onun saç tökülməsini azalda, saç köklərini gücləndirə və dəridəki bəzi iltihabi halların azalmasına kömək edə biləcəyi qeyd olunur.
Gicitkən düzgün və ölçülü istifadə edildikdə orqanizm üçün çox faydalıdır. Bununla belə, hamilə qadınlara və bəzi xroniki xəstəliyi olan şəxslərə istifadədən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.






