Bəzi dərmanlar istifadə olunduqda xroniki öskürəyə yol aça bilər. Foodinfo.az Sports.kz-ə istinadən xəbər verir ki, məşhur rus həkimi Aleksandr Miasnikov bildirib ki, ən çox qan təzyiqi üçün istifadə olunan dərmanlar xroniki öskürəyə səbəb ola bilər. Onun sözlərinə görə, xüsusilə fermenti bloklayan dərmanlar, həmçinin beta-blokatorlar və kalsium kanallarını bağlayan preparatlar öskürək yarada bilər.
Mütəxəssis qeyd edir ki, son dövrlərdə məşhur olan arıqlama və şəkərli diabet müalicəsi üçün nəzərdə tutulmuş dərmanlar da xroniki öskürək riski siyahısına əlavə olunub. Bu dərmanlar geniş istifadə olunduqca öskürək halları ilə bağlı statistik məlumatlar da artıb.
Miasnikov əlavə edir ki, bəzi dərmanlar təkcə öskürək reseptorlarını qıcıqlandırmır, eyni zamanda dərman mənşəli ağciyər iltihabına və interstisial zədələnməyə səbəb ola bilər. Belə hallarda öskürək adətən quru və uzunmüddətli olur, nəfəs darlığı müşahidə edilə bilər. Həkim vurğulayır ki, bu zaman rentgen və ya kompüter tomoqrafiyası ilə ağciyərlərdə dəyişikliklər görünə bilər.
Ekspert xatırladır ki, dərman qəbul edərkən hər hansı öskürək problemi yaranarsa, mütləq həkimə müraciət etmək lazımdır. Doza və preparat dəyişdirilmədən vəziyyətin yüngülləşməsi mümkün deyil.






