Bel ağrısının səbəbi həmişə ağır yük və ya zədə olmaya bilər – bəzən problem gündəlik həyatda təkrarladığımız vərdişlərdən qaynaqlanır. Foodinfo.az Life.ru-ya istinadən xəbər verir ki, reabilitoloq Platon Beletski bel sağlamlığını zədələyə bilən altı gözəgörünməz faktı açıqlayıb. Mütəxəssisin sözlərinə görə, ilk risk amili stressdir, çünki əsəb gərginliyi bel və çiyin ətrafı əzələlərdə gərilmə yaradır, zaman keçdikcə isə bu, iltihaba çevrilir.
O bildirir ki, emosional yüklənmə qar topu kimi böyüyərək xroniki ağrılara gətirə bilər. Mütəxəssis dərin nəfəs məşqləri və qısa gəzintilərin rahatlaşdırıcı təsir göstərə biləcəyini vurğulayıb. İkinci amil qidalanmadır: çox şəkər və zərərli yağlar toxumalarda iltihabı gücləndirir, kifayət qədər su içməmək isə fəqərəarası disklərin elastikliyini azaldır. Beletski menyuya omeqa-3 mənbələri əlavə etməyi və gündə ən azı 1,5 litr su içməyi məsləhət görür.
Onun sözlərinə görə, bel ağrısının səbəblərindən biri də düzgün seçilməyən ayaqqabıdır – köhnə idman ayaqqabıları və ya hündür dabanlar onurğanın yükünü artırır. Bu halda amortizasiyalı ayaqqabı, ildə bir dəfə krossovka yenilənməsi və ortopedik içliklər kömək edə bilər. Reabilitoloq həmçinin tək çiyində daşınan ağır çanta, oturaq həyat tərzi nəticəsində zəifləyən bud və omba əzələləri, düzgün seçilməyən döşək və adi külək təsirinin də bel əzələlərində ağrıya yol aça biləcəyini qeyd edib.






