Yuxusuzluqdan əziyyət çəkən insanlar tez-tez problemi yatmalı olduqları səkkiz saatla əlaqələndirirlər. Lakin mütəxəssislər bildirir ki, bu yanaşma yanlış hesab olunur. Foodinfo.az xəbər verir ki, yuxu üzrə ekspert Hanna Şor deyir ki, yuxusuzluqda əsas məsələ yatdığınız saatların çoxluğu deyil, bədənin sabit rejimə öyrədilməsidir.
Şorun sözlərinə görə, hər gün – hətta həftə sonları belə – eyni vaxtda oyanmaq yuxunun keyfiyyətini artıran ən effektiv üsuldur. Bu, orqanizmin “daxili saatını” tənzimləyir və hansı vaxtda yuxu, hansı vaxtda oyaqlıq hormonlarının ifraz olunacağını müəyyən edir.
Ekspert bildirir ki, sabit rejim sayəsində həm yatmaq, həm də oyanmaq daha asan olur. Bu prosesdə əsas rol oynayan hormonlar kortizol (oyaqlıq hormonu) və melatonindir (yuxu hormonu). Onlar eyni anda aktiv ola bilmədiyi üçün orqanizm düzgün siqnal almalıdır.
Şor əlavə edir ki, yatmağa getmə vaxtını süni şəkildə müəyyən etmək və özünü buna məcbur etmək əks təsir yarada bilər. Belə təzyiq stressi artırır və yuxusuzluğu daha da dərinləşdirir.
Mütəxəssisin əsas tövsiyəsi belədir: yuxusuzluq zamanı “mütləq səkkiz saat yatmalıyam” düşüncəsini buraxmaq və diqqəti yalnız sabit oyanma vaxtını qorumağa yönəltmək lazımdır. Bu vərdiş bədənin ritmini tədricən düzəldir və yuxunun keyfiyyətini yaxşılaşdırır.






