Son aylarda sağlam qidalanma trendləri arasında reyhan toxumuna maraq nəzərəçarpacaq dərəcədə artıb. Bu xırda toxumlar həm həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, həm də ümumi sağlamlığa əhəmiyyətli töhfə verir.
Foodinfo.az xəbər verir ki, reyhan toxumu su ilə təmasda olduqda jel halına gəlir və bu xüsusiyyət onu xüsusilə qəbizlik, şişkinlik və mədə turşuluğu kimi problemlərdə təsirli edir. Toxumlardakı yüksək lif tərkibi bağırsaq fəaliyyətini tənzimləyir və həzmi yüngülləşdirir.
Reyhan toxumunun tərkibindəki təbii antioksidantlar orqanizmdəki toksinlərin xaric olunmasına kömək edir və diabet riskinin azalmasına müsbət təsir göstərir.
Toxumların qanda şəkərin kəskin yüksəlməsinin qarşısını alma xüsusiyyəti onları diabet xəstələri üçün də faydalı edir.
Eyni zamanda, jel halına gətirilmiş toxumlar dəridə nəmləndirici təsir göstərir, sızanaqların azalmasına kömək edir və saç köklərini möhkəmləndirir.
Toxumları ilıq suda 5–10 dəqiqə gözlətdikdən sonra içmək daha effektlidir. Onları qatığa və ya smuziyə əlavə etmək də mümkündür.
Reyhan toxumu həm gündəlik qidalanmada, həm də təbii müalicə vasitəsi kimi əhəmiyyətli rol oynayır.






