Bakıda fəaliyyət göstərən məşhur restoranlardan olan "Tonqal"da baş verən oğurluqda şübhəli bilinən daha bir şəxsin ailəsi aparılan istintaq tədbirlərindən narazıdır.
Foodinfo.az xəbər verir ki, Xaçmaz rayon sakini Ayşə Qardaşova "Qafqazinfo"ya müraciət edərək həyat yoldaşı Qardaşov Natiq Miqdat oğlunun qanunsuz olaraq həbs edildiyini iddia edib. Onun sözlərinə görə, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yerləşən “Tonqal” restoranının icarədarı Şəmsəddin Hüseynov şəxsi əlaqələri sayəsində həyat yoldaşını həbs etdirib. O əlavə edib ki, işi Nərimanov Rayon Polis idarəsinin baş müstəntiqi Mehman Ələskərov aparır: “Ailədə 3 azyaşlı uşağın olmasına baxmayaraq, həyat yoldaşım Natiq Qardaşov kababçı işlədiyi "Tonqal" restoranının icarədarı Şəmsəddin Hüseynov tərəfindən üzərinə böhtan atılaraq qanunsuz şəkildə Cinayət Məcəlləsinin 177.3.2 maddəsi ilə (oğurluq) həbs edilib. Halbuki yoldaşımın cinayət törətməsi ilə bağlı heç bir sübut əhəmiyyəti kəsb edən dəlil yoxdur. Yoldaşımın etibarından sui-istifadə edilib. Belə ki, onu aldadaraq Natiqin latın qrafikasından tam anlamadığından istifadə edərək izahat yazaraq qol çəkdiriblər. Natiq 2022-ci ilin oktyabırın 7-dən 10-dək Nərimanov RPİ-nin müvəqqəti saxlama yerində saxlanılıb, daha sonra 3 saylı istintaq təcridxanasına aparılıb. Bu günə kimi dəfələrlə məhkəmələrə, Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa müraciət etməyimizə baxmayaraq, yoldaşımın işinə baxılmıyıb, o, hələ də Şüvəlanda istintaq təcridxanasında saxlanılır”.
Həbsdə olan şəxsin yoldaşı xatırladıb ki, Natiq Qardaşovla yanaşı restoranın kuryeri Radiq Mehdiyev də cinayətdə şübhəli bilinir: ""Tonqal” restoranının icarədarı bizə qarşı yaraşmayan ifadələr işlədib. Bu işdə onun oğlu Samir Hüseynovun qərəzli münasibəti var. Bu işdə arxalandığı vəzifəli şəxslər var. Onlar ata-bala bəzi vəzifəli şəxslərə güvənərək böhtan atmaqla, heç bir sübut olmadan, günahsız adamın, yoldaşım Qardaşov Natiqin həbs olunmasına müvəffəq olublar. Halbuki kababçı heç vaxt restorandan o qədər oğurluq edə bilməz, bu məntiqə sığmayan bir hadisədir. Hansısa restoranın kababçısının işlədiyi restorandan iddia edildiyi kimi 85 min manatlıq ət oğurlaması ağlasığmaz bir şeydir".
Xatırladaq ki, ötən ilin oktyabrında hadisə ilə bağlı istintaqa cəlb edilən Radiq Mehdiyevin ailəsi də "Qafqazinfo"ya müraciət etmişdi.
Məsələ ilə bağlı DİN-in və Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Nərimanov RPİ-də Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə cinayət işi açılıb: "Hazırda istintaq hərəkətləri davam etdirilir”.