Koronavirusun kütləvi şəkildə yayılması ilə əhalinin psixoloji stabilliyinin də qorunması ön plana çıxdı. Fobiaların yeni bir növü ədəbiyyata girdi-koronafobia.
Ümumiyyətlə, bütün virus infeksiyalarına qarşı ən böyük qalxanımız immun sistemimizdir. Aşırı və uzanmış xroniki stres isə immunitetimizi zəiflədir. Belə hallarda biz virus infeksiyasını daha ağır keçirməyə namizəd oluruq. Bizə doğru sürətlə yaxınlaşan və təsirləri tam bilinməyən bir təhlükə qarşısında təşviş-qorxu hiss etmək tam normaldır. Bu həm də, təhlükədən özümüzü qorumağımız üçün lazımlıdır. Ancaq hansı şiddətə qədər təşviş normal sayılmalıdır? Təşvişimizin psixoloji pozuntu səviyyəsində olub-olmadığını necə başa düşə bilərik? Burada aşağıdakı nüanslara diqqət etmək lazımdır:
Təşviş halı yuxu və iştah rejimimizi pozursa- yuxuya dalmaqda çətinlik, gecələr oyanmaq, səhər yuxudan qalxanda əzginlik, stres artışına bağlı iştahada həm artma, həm də azalma müşahidə edilə bilir. Virusa yoluxma fikri mütəmadi olaraq ağlınızda fırlanırsa, gün ərzində fasiləsiz olaraq tikan üstündə oturmuş kimi, nə isə pis bir şey olacağından narahat olursunuzsa, ağır xəstəliyə tutulma və ölüm qorxusunu yaşayırsınızsa, bu, koronavirus fobiası həyatınızı ciddi mənada təsiri altına alıb deməkdir.
Bəs belə hal mövcuddursa nə etmək lazımdır? Öncə xəbər məruziyyətini ciddi şəkildə azaltmaq, xüsusilə sosial mediada olan məlumat kirliliyindən özünü qorumaq lazımdır. Virusdan qorunmaq üçün rəsmi mənbələrin bizə məsləhət gördüyü qaydalara riayət etmək lazımdır. Ancaq yenə də, yüksək təşviş və narahatçılıq yaşayırsınızsa, bu sizin şəxsi qayğı səviyyənizin yüksək olması ilə əlaqəli ola bilər. Təşvişli insanlar gələcəklə əlaqəli bilinməzlik və qeyri-müəyyənlik vəziyyətlərində ən pis ehtimalı düşünməyə meylli olurlar. Bu fenomenə psixologiyada "fəlakətləşdirmə senarisi" deyilir. Məsələn, baş ağrısı hissetdiyində ilk ağla gələn şeyin beyin xərçəngi olması və ya sinədə sıxılma hiss etdiyində ürək infarktını düşünmək, ya da, testləri, Rentgen və tomografiya neqativ çıxsa da, koronovirusa yoluxduğunu düşünmək və s.
Pandemiya müddətində psixologiyanı necə qorumaq olar?
Əvvəla stresə, xüsusilə xroniki uzunmüddətli stresə məruziyyətin immun sistemimizi çökdürdüyünü, bizi xəstəliklərə qarşı qorunmasız hala gətirdiyini özümüzə tez-tez xatırladaq. Bu xatırlatma stres mənbəyindən uzaqlaşma motivasiyası yaradacaqdır. Məlumatı aldığımız qaynaqların sayını bir neçə güvənilir mənbələrə endirək və məlumat alma prosesinə sadəcə, müəyyən saatlarımızı ayıraq. Mütəmadi olaraq WhatsApp qruplarında, facebook və Instagramda və ya dostlarımızın əhatəsində virusu müzakirə etmək təşvişimizi artıran bir vəziyyətdir. Karantin vaxtlarında uzun müddətdir marağınızın olduğu, ancaq işlər səbəbi ilə vaxt ayıra bilmədiyiniz hobbilərinizi aşkarlayıb, yenidən həyatınıza əlavə edin. Bütün bu tədbirlərə baxmayaraq, təşvişinizi kontrol altına almaqda çətinlik çəkirsinizsə, psixiatra müraciət edərək psixolojik dəstək almaq məsləhət görülür.
Azər Bağırov-Psixiatr, Uzman Həkim