Çuğundur suyu orqanizm üçün bir sıra mühüm faydalar təmin edən təbii içkilərdən biridir. Tərkibindəki zəngin vitamin və minerallar sayəsində bu içki son dövrlərdə sağlam qidalanma rasionunda daha çox yer almağa başlayıb.
Foodinfo.az xəbər verir ki, çuğundur suyu qan dövranını yaxşılaşdırır və damarların genişlənməsinə kömək edir. Bu isə qan təzyiqinin tənzimlənməsində mühüm rol oynayır. Müntəzəm istifadə bəzi hallarda yüksək təzyiqin aşağı salınmasına da dəstək olur.
Bundan əlavə, çuğundur suyunun enerji verici təsiri də diqqət çəkir. Xüsusilə fiziki aktivlik zamanı orqanizmin dözümlülüyünü artıraraq yorğunluğun azalmasına kömək etdiyi bildirilir.
Tərkibində olan antioksidantlar qaraciyərin fəaliyyətini dəstəkləyir və bədəndən zərərli maddələrin çıxarılmasına yardım edir. Eyni zamanda, dəmir və fol turşusu ilə zəngin olması səbəbindən qanazlığının qarşısının alınmasında faydalı hesab olunur.
Çuğundur suyu faydalı olsa da, onun həddindən artıq istifadəsi bəzi hallarda mədə narahatlığı və ya təzyiqin həddən artıq aşağı düşməsi kimi təsirlər yarada bilər. Bu səbəbdən gündəlik qəbulun ölçülü olması tövsiyə olunur.






