Uzun əsrlər boyu insanlar təbiətin füsunkar nemətlərindən təbii şəkildə yararlanıb. Ancaq müasir dövrdə artıq insan əli ilə təbiətdə tapılmayan yüzlərlə məhsulun yetişdirildiyini, hazırlandığını söyləyə bilərik. Dövrümüzdə yer kürəsində insan sayının milyardlarla ölçülməsi istər-istəməz bu prosedurların sürətlənməsinə zəmin yaradıb. Bununla yanaşı, dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq, insanlar daim təbii məhsullara, qidalardan istifadəyə meyillidir. Xüsusilə, kənd təsərrüfatı məhsullarının istehlakı dünya üzrə rekord səviyyədə istifadə olunan məhsullar sırasında yer alır. Təbii meyvələr insan orqanizminə faydalılığı, həmçinin, bənzərsiz dada sahib olması cəhətdən daim mağaza piştaxtalarında axtarılan məhsullardandır. Bağlarda yüksək keyfiyyətli və sağlam meyvələr yetişdirmək üçün isə ilin bütün fəsillərində ağaclara qulluq edilməsi vacibdir. Bu dəfəki məqaləmizdə qış aylarında bağlarda həyata keçirilməli olan işlərdən danışacağıq.

Meyvə bağlarında qış hazırlıqları necə həyata keçirilir?

Qış aylarında meyvə bağlarında ağaclara və torpağa qulluq edilməsi son dərəcə vacibdir. Bu növbəti mövsüm üçün məhsuldarlığın yüksək və keyfiyyətli olmasına öz təsirini göstərəcək. Sözügedən qulluq qaydaları ilə yaxından tanış olaq.

Budama

Meyvə bağlarında ağaclarda quruyan, zədələnmiş hissələri, budaqları aradan qaldırmaq vacibdir. Budamanın aparılması xəstəliklərin yayılmasının qarşısını alır və ümumilikdə bitkinin sağlamlığına müsbət təsir göstərir. Eyni zamanda, hava dövranını və günəş işığının nüfuz etməsini stimullaşdıraraq, göbələk xəstəlikləri riskini azaldır.

Malçlama

Malçlama ağac dibinin saman örtüyü ilə əhatələnməsidir. Burada saman örtüyü qismində qurumuş budaqlar, yarpaqlar, kağız parçaları, ot qalıqlar və s. çıxış edə bilər. Malçlama soyuq havalarda köklərin zərər görməsinin qarşısını almağa, torpağın temperaturunu tənzimləməyə və alaq otlarının böyüməsini dayandırmağa kömək edir. 

Ağac gövdələrinə sarğıların tətbiqi

Soyuq keçən havalarda xüsusilə gənc ağacların gövdələrinə sarğı tətbiq edərək onların zədələnməsinin qarşısını almaq faydalıdır.

Gübrələmə

Müvafiq bağ ərazisində torpaq analizini həyata keçirdikdən sonra təlabata uyğun bitki bəsləmə vasitələrinin tətbiqi tövsiyə olunur. Ağacların hərəkətsiz dövrə keçdi etdiyi bu aylarda lazımi qida maddələri ilə təmin olunması son dərəcə vacibdir. Ölkəmizdə müxtəlif rayonlarda 200-dən çox satış nöqtəsi ilə təmsil olunan gubre.az aqrar ticarət şəbəkəsi fermerlərimizə ödənişsiz aqronom dəstəyi xidmətini həyata keçirir. Fermerlər bu fürsətdən yararlanaraq, mütəxəssis rəyinə əsasən zəruri olan gübrə çeşidlərini əldə edə bilər.

Zərərvericilər və xəstəliklərlə mübarizə

İlk olaraq qeyd edək ki, payızın son aylarında ağaclarda qalan, gec yetişən meyvələrin tam şəkildə yığımı başa çatdırılmalıdır. Əks halda xəstəliklərin yaranması üçün münbit şərait yarana bilər. Bundan başqa, ümumi olaraq bitkini müxtəlif xəstəliklərdən, zərərvericilərdən, alaq otlarından qorumaq üçün bir çox bitki mühafizə vasitələrinin (pestisid, funqisid, herbisid və s.) tətbiqi mütləqdir. Yüksək keyfiyyətli və rəsmi sertifikatlara sahib bitki mühafizə vasitələrini isə, gubre.az aqrar ticarət şəbəkəsinin müxtəlif bölgələrimizdə fəaliyyət göstərən satış nöqtələrindən əldə etmək mümkündür. 

Ağaclara dayaq vasitələrinin tətbiqi

Şaxtalı havalarda ağac budaqlarının qar və buzun ağırlığına tab gətirməsi, həmçinin, küləkli havalarda qırılmasının qarşısını almaq üçün müxtəlif dayaqların quraşdırması vacibdir.

Suvarma

Yağıntıların az olduğu bölgələrdə ağacların su təlabatını qarşılamaq üçün əlavə suvarmaya ehtiyac ola bilər ki, bu nüans mümkün qədər diqqətdə saxlanılmalıdır.

Son olaraq qeyd edək ki, yuxarıda qeyd olunan mərhələlər daxil olmaqla, müxtəlif bağ sahələrində həyata keçirilməsi vacib olan bir çox özünəməxsus qulluq qaydaları mövcuddur. Region iqlimlərinin, torpaq sahələrinin, bitkilərin inkişaf formalarının bir-birindən fərqli olmasını, həmçinin, digər amilləri nəzərə alsaq hər bir bağ sahəsinə uyğun qışa hazırlıq işləri icra olunmalıdır. Zəruri olan bitki qoruma və bəsləmə vasitələrinin tətbiqi müntəzəm olaraq həyata keçirilməli, bağ ləvazimatları növbəti mövsümdə istifadə üçün təmizlənməli, ehtiyac olduğu təqdirdə yenilənməlidir.