 
	
Təbii müalicə vasitəsi kimi tanınan biyan kökü qədimdən öskürək, boğaz ağrısı, mədə turşuluğu və iltihabla mübarizədə geniş istifadə olunur. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu bitki bəzi insanlarda ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Foodinfo.az xəbər verir ki, biyan kökünün tərkibindəki qlyisirizin adlı maddə orqanizmdə natriumun yığılmasına, kaliumun isə azalmasına gətirib çıxarır. Bu isə qan təzyiqinin yüksəlməsi, ürək ritminin pozulması və böyrək funksiyalarının zəifləməsi ilə nəticələnə bilər.
Biyan kökü yüksək təzyiq, ürək çatışmazlığı və böyrək xəstəliklərindən əziyyət çəkənlər üçün təhlükəlidir. Həmçinin hamilə və süd verən qadınların bu bitkidən uzaq durması tövsiyə olunur, çünki biyan kökü hormon səviyyəsinə təsir göstərərək erkən doğuş və ya düşmə riskini artırır.
Bu bitki bəzi dərmanlarla da qarşılıqlı təsirə girir. Sidikqovucu, kortizon tərkibli və təzyiq dərmanları ilə birlikdə qəbul edildikdə kalium itkisini artırır və yan təsirləri gücləndirir.
Biyan kökü “təbii” hesab edilsə də, güclü bioloji təsirə malik bir bitkidir. Buna görə də onun istifadəsi yalnız həkim məsləhəti ilə və qısa müddətlik kurs şəklində aparılmalıdır.










































