Gecə tez-tez oyanmaq və yenidən yuxuya gedə bilməmək xüsusi bir yuxusuzluq forması hesab olunur. Foodinfo.az “Johns Hopkins Universiteti”nin və digər yuxu üzrə mütəxəssislərin fikirlərinə istinadla xəbər verir ki, bu vəziyyət tibbdə “yuxunun davamlılığının pozulması ilə bağlı yuxusuzluq” adlanır.

Yuxu üzrə həkim Karen Karlson bildirib ki, belə hallar çox vaxt stress, depressiya, xroniki narahatlıq, eləcə də qadınlarda menopauza dövründə baş verən hormonal dəyişikliklərlə əlaqədardır. Onun sözlərinə görə, insanın orqanizmində yuxu mexanizminə təsir edən hər bir faktor bu cür oyanmalara səbəb ola bilər.

Mütəxəssislərdən biri vurğulayıb ki, çox vaxt insanlar yuxu çatışmazlığını aradan qaldırmaq üçün gecə çox erkən yatmağa çalışırlar. Lakin bu, əks təsir göstərərək, beynin 6–7 saatdan sonra kifayət qədər istirahət etdiyini “düşünməsinə” səbəb olur və nəticədə insan gecənin ortasında oyanır.

Yuxu eksperti Luis F. Buenaverin sözlərinə görə, belə vəziyyətdə özünü zorla yatmağa məcbur etmək düzgün deyil. Əksinə, sakit fəaliyyətlərlə məşğul olmaq – kitab oxumaq, geyimləri yığmaq və ya sadəcə sakitcə oturmaq daha faydalıdır. Bu, beynin rahatlaşmasına və yuxunun təbii şəkildə bərpasına kömək edir.

Mütəxəssislər bildiriblər ki, gecə oyanmalarının qarşısını almaq üçün yuxu və oyanma rejiminə ciddi əməl etmək vacibdir. Hətta istirahət və bayram günlərində belə, eyni saatlarda yatmaq və oyanmaq orqanizmin bioloji ritmini sabit saxlayır.

Həkimlər əlavə ediblər ki, əksər hallarda bu problem həkim müdaxiləsi olmadan aradan qaldırıla bilər. Bunun üçün yalnız həyat tərzini və gündəlik vərdişləri — məsələn, axşam saatlarında kofe içməmək, ekran qarşısında çox vaxt keçirməmək və rahat mühitdə yatmaq — yenidən tənzimləmək kifayətdir.

Mütəxəssislər qeyd edirlər ki, düzgün yuxu rejimi bədənin bərpasını sürətləndirir, sinir sistemini sakitləşdirir və ümumi sağlamlıq vəziyyətini yaxşılaşdırır.