Ürək-damar sağlamlığının mütəmadi izlənməsi xüsusilə müəyyən yaşdan sonra daha böyük əhəmiyyət daşıyır. Foodinfo.az Sports.kz-ya istinadla xəbər verir ki, kardioloq və yaşlılıq üzrə mütəxəssis Tamaz Qağloşvili bu barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, 40 yaşdan yuxarı hər bir insan ürəyini və qan damarlarını dövri olaraq yoxlatdırmalıdır. Mütəxəssis vurğulayıb ki, bu yaşdan sonra xəstəliklərin gizli inkişaf etmə ehtimalı artır və özünü uzun müddət göstərməyə bilər.

Həkim bildirib ki, ailəsində gənc yaşda — təxminən 40–50 yaş aralığında — qəfil infarkt və ya insultla ölüm halları olan şəxslər daha diqqətli olmalıdır. Bu kateqoriyaya aid insanlar üçün tez-tez müayinə həyati əhəmiyyət daşıyır.

Qağloşvili qeyd edib ki, ağrı olmaması sağlam ürək demək deyil. Onun sözlərinə görə, ürək-damar xəstəlikləri çox vaxt səssiz şəkildə irəliləyir və yalnız ağırlaşma baş verəndə özünü göstərir.

Mütəxəssis bildirib ki, cəmiyyət arasında “heç nə ağrımırsa, demək hər şey qaydasındadır” anlayışı geniş yayılıb. O isə bu düşüncənin təhlükəli olduğunu vurğulayıb.

Həkim əlavə edib ki, qəfil baş verən infarkt və insult çox vaxt uzun müddət davam edən, lakin nəzərə alınmayan dəyişikliklərin nəticəsidir. Mütəmadi yoxlanış bu riski əhəmiyyətli dərəcədə azaldır.

Qağloşvili qeyd edib ki, ürək-damar sisteminin hərtərəfli müayinəsi bir çox ölkələrdə olduğu kimi, Rusiyada da müəyyən proqramlar çərçivəsində pulsuz aparılır. Lakin mütəxəssis insanların bu imkandan istifadə etməyə tələsmədiyini deyib.

Onun sözlərinə görə, müayinədən yayınmaq riskləri artırır və xəstəliklərin gec aşkar olunmasına gətirib çıxarır. Vaxtında edilən çe­kap həm gizli problemlərin aşkarlanmasına, həm də düzgün önləyici tədbirlərin seçilməsinə kömək edir.

Mütəxəssis bildirib ki, ürək sağlamlığının qorunması üçün yalnız müayinə deyil, həyat tərzinə diqqət də vacibdir. Düzgün qidalanma, hərəkətli həyat və zərərli vərdişlərdən uzaq durmaq ürəyin yükünü azaldır.

Qağloşvili vurğulayıb ki, insanların böyük hissəsi yalnız əlamət hiss edəndə həkimə müraciət edir, halbuki profilaktik yanaşma daha etibarlı nəticə verir. O, ürək sağlamlığını qorumağın hər yaşda vacib olduğunu qeyd edib.

Sonda mütəxəssis xatırladıb ki, ürək-damar xəstəlikləri ölüm səbəbləri arasında ilk yeri tutur və bu səbəbdən riskləri vaxtında aşkarlamaq həyati əhəmiyyət kəsb edir.