"8 Mart öncəsi müəllimlərə hədiyyə alınması ilə bağlı hallar iki yerə bölünür. Birinci, məcburetmə və külli miqdarda hədiyyə yığılmasıdır".
Foodinfo.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib. Nazir qeyd edib ki, belə olan halda valideynlər mütləq şəkildə şikayət etməlidirlər:
"O zaman nazirlik olaraq biz də araşdırma aparırıq. Çox bahalı hədiyyə alınması və külli miqdarda pul yığılması müəllimə, məktəb idarəçiliyinə uyğun olan iş deyil. Bəzi hallarda bunun təşəbbüskarı bir valideyn qrupu olursa və digər valideyn qrupu ondan şikayət edirsə, bu zaman biz müdaxilə edə bilmirik. Bu ənənə daha çox davranış problemidir. Bunu mədəni transformasiya yolu ilə dəyişməliyik.
Valideynlər müəllimlərə bahalı hədiyyə alıb, rüşvət verməkdən imtina etməlidirlər. Bundan utanmamalıdırlar. Müəllimləri maddi dəyəri böyük olmayan, lakin mənəvi dəyəri böyük olan hədiyyələrlə təbrik etsələr, müəllimlər də sevinər".
Nurlan