Allergiyası olanlar həmişə allergiyası olmayanlara həsədlə baxır. Çünki allergiya tam müalicəsi olmayan, ömür boyu insana yoldaşlıq edən, gah kəskinləşən, gah azalan bir xəstəlikdir.
Nəyə görə bəzi insanlarda heç allergiya yoxdur, bəziləri isə elə doğulandan az qala hər şeyə allergiya keçirir?
Foodinfo.az medicina.az-a istinadən bildirir ki, hər şey qanda dövr edəb antitellərin xüsusiyyətindən asılı imiş.
Harvard Universitetinin İmmunologiya mərkəzinin elmi qrupu yeni elmi tədqiqatlarını bu mövzuya həsr ediblər.
Bədəndə allergik reaksiyanın baş vermə mexanizmi əslində tibdə çox yaxşı öyrənilib. Hamı bilir ki, məsələn, araxis yedikdə qanda ona qarşı zülal molekulları - İgE hasil olmağa başlayır. Bu antitellər dərhal immun hüceyrələrlə birləşərək qanda dövr edir.
Təkrar olaraq insan həmin allergeni qəbul etdikdə və ya üz-üzə gəldikdə immun hüceyrələr İgE ilə daha çox və aktiv birləşərək, qanda çoxalır və allergiya simptomları: şişmə, qaşınma, səpki, öskürək və s. verir. Ən ekstremal hallarda isə anafilaktik şok verib xəstəni öldürə də bilər.
Amma elə insanlar var ki, onların İgE antitelləri allergenə qarşı hasil olur, qana sıçrayır, amma onlarda heç bir allergiya reaksiyası baş vermir. Alimlər bu vaxta kimi bunun mexanizmini izah edə bilmirdilər.
Məsələn, minlərlə insan var ki, bədənində araxisə allergen var, amma allergiyadan əziyyət çəkmirlər.
Eləcə də uşaqlar körpə ikən bir sıra allergenlərdən əziyyət çəkir, amma böyüdükcə simptomlar itir, halbuki qan analizi həmin allergenə qarşı antitel, yəni reaksiya olduğunu göstərib.
Bu sirli tapmacanı açmaq üçün məhz bu elmi işin aparıcıları hər iki qrup insanın qanında İgE zülal molekullarını təhlil ediblər.
Məlum olub ki, bunlar hamısı İgE olsalar da, əslində çox fərqlənirlər.
Allergiyası olan insanlarda molekulaya sial turşusu (selikli qişada, toxuma və mayelərdə olur) birləşib.
Heyvanlar üzərində aparılan eksperiment də sübut etdi ki, sial turşusu ilə birləşən İgE alletgik reaksiyanı kəskinləşdirir.
Əksinə sual turşusunun allergendən ayrılıb kənarlaşdırılması isə allergik reaksiyanı söndürür, anafilaktik şokun qarşısını alır.
"Bizim əldə etdiyimiz nəticələr göstərdi ki, İgE molekulunda sial turşusunun miqdarını təyin etmək, allergik reaksiya və xəstəlikləri daha dəqiq diaqnoz etməyə imkan verər. Bu sanki biomarker rolunda oynayacaq. Allergik xəstələrdə İgE molekulundan bu turşunu neytrallaşdırıb çıxarmaq isə onların tam müalicəsi və bir daha allergik reaksiya keçirməməsinə nail olacaq." - deyə elmi işin rəhbəri Robert Entoni bildirib.