Kompüter arxasında uzun müddət oturaq şəkildə çalışmaq sağlamlığa mənfi təsir göstərə bilər, buna görə də ofis əməkdaşlarının riskləri vaxtında aşkar etmək üçün mütəmadi tibbi müayinələrdən keçməsi vacibdir. Mütəxəssislər bildirirlər ki, profilaktik yoxlamalar bir çox xəstəliyin qarşısını almağa kömək edir. Foodinfo.az Sports.kz saytına istinadla xəbər verir ki, bu barədə Sb.by nəşrinə danışan terapevt Yelena Şurayeva məlumat verib.

Həkimin sözlərinə görə, azhərəkətli həyat tərzi keçirən insanlar üçün əsas göstəricilərdən biri qanda şəkərin səviyyəsidir. O qeyd edib ki, qlükoza analizi ən azı ildə bir dəfə verilməlidir, çünki fiziki aktivliyin azlığı və qeyri-müntəzəm qidalanma karbohidrat mübadiləsinin pozulması və şəkərli diabet riskini artırır.

Bununla yanaşı, arterial təzyiqin və bədən kütlə indeksinin nəzarətdə saxlanılması da mühüm əhəmiyyət daşıyır. Həkim vurğulayıb ki, artıq çəki və hipertoniya çox vaxt gizli inkişaf edir, lakin zamanla ürəyə, damarlara və oynaqlara ciddi yük yaradır.

Mütəxəssis həmçinin qanın lipid profilinə diqqət yetirməyi tövsiyə edir. “Pis” xolesterinin yüksəlməsi uzun müddət simptomsuz keçə bilər, lakin oturaq iş rejimi ilə birləşdikdə aterosklerozun inkişafını sürətləndirir. Damarlarda iltihabi prosesləri qiymətləndirmək üçün isə C-reaktiv zülal analizinin aparılması məsləhət görülür.

Bundan əlavə, uzun müddət oturaq vəziyyətdə qalmaq varikoz və tromboz riskini artırır. Həkimin sözlərinə görə, ofis işçiləri iki ildən bir aşağı ətraf damarlarının ultrasəs doppleroqrafiyasından keçərək qan dövranını və damarların vəziyyətini yoxlatdırmalıdırlar.

Yelena Şurayeva bildirib ki, problemlərin erkən mərhələdə aşkarlanması müalicəni xeyli asanlaşdırır və sağlamlığın uzun illər qorunmasına kömək edir. Onun sözlərinə görə, müntəzəm profilaktik müayinələr aktiv və sağlam ömür üçün sadə, lakin effektiv sərmayədir.