Beynəlxalq Valyuta Fondu (IMF) bu ilin yekununda Azərbaycanda qiymət artımının 3,3% təşkil edəcəyini proqnozlaşdırıb. Bu barədə qurumun hesabatında bildirilir. IMF gələn il isə inflyasiyanın 3,2% olacağını iddia edib. Maraqlıdır, Beynəlxalq Valyuta Fondunun açıqladığı rəqəmlər, proqnoz nə dərəcə doğrudur, bunun təsirləri nədən ibarət olacaq?
Foodinfo.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Valyuta Fondunun Azərbaycanla bağlı verdiyi rəqəmlər bu günün məzənnə rejiminə uyğundur: "Amma Azərbaycanda gələcəkdə məcburiyyətdən doğan məzənnə dəyişikliyi olarsa, o zaman inflyasiya rəqəmlərinə yenidən baxılması zərurəti yarana bilər. Çünki Azərbaycan idxaldan kifayət qədər asılı ölkədir". "Beynəlxalq təşkilatlar bu günədək olan vəziyyəti ölçərək proqnozlar verir. Lakin dünyada gedən proseslər təəssüflər olsun ki, ərzaq məhsullarının qiymətində artımın olduğunu göstərir. Qiymət artımından əlavə, bəzi ölkələr virusla əlaqədar olaraq təməl ehtiyac məhsullarının ixracını da çətinləşdirir. Məsələn, Rusiya və Qazaxıstan buğda ixracını çətinləşdirdi. Ölkədən buğda almaq istəyənlərə dövlətin müvafiq qurumundan icazə almağın vacibliyi vurğulandı. Təəssüflər olsun ki, bəzi ölkələr də bu ənənələrdən yararlanmaq istəyir. Bəzi ərzaq məhsulları növlərinin ixracının çətinləşməsi dünyada ərzaq məhsullarının bahalaşmasına səbəb ola bilər", - deyə iqtisadçı-ekspert əlavə edib.
Ekspert deyir ki, məhz bu səbəbdən də inflyasiyanın hansı yöndə inkişaf edəcəyi Azərbaycandan asılı olmayan səbəblərdən ya arta, ya da azala bilər: "Hələlik, inflyasiyanın azalması müşahidə edilmir. Öncə sadaladığım səbəblərə görə, inflyasiyanın artma ehtimalı var. Lakin yaxın qarşıdakı bir neçə ayı götürsək, yerli məhsulların bazara çıxdığını da nəzərə alsaq, bu amillərin ölkədə yarana biləcək inflyasiyaya müsbət təsir edəcəyini də söyləmək olar. Yerli məhsulların bazara çıxması kifayət qədər müsbət təsir edəcək".
"Amma sərhədlərin bağlı olması yerli məhsulların ixrac potensialını da azaldır. İxraca yönəlməli olan, ölkəyə valyuta gətirməli olan məhsulların yerli bazara çıxarılması qiymətlərin tənzimlənməsinə səbəb olacaq", - deyə ekspert əlavə edib.